11-ci Youth Speak Forum və World’s Largest Lesson layihələri başa çatdı
Hər iki layihə Azərbaycan Gənclər Fondunun dəstəyi və AIESEC Azərbaycanın təşkilatçılığı ilə “Yaşıl Dünya üçün Həmrəylik İli”nə həsr olunub
Azərbaycan Gənclər Fondunun dəstəyi və AIESEC Azərbaycanın təşkilatçılığı ilə 11-ci Youth Speak Forum keçirilib. Forum “Yaşıl Dünya üçün Həmrəylik İli” mövzusunda və COP29 çərçivəsində baş tutub. Məqsəd gəncləri bir araya gətirərək müxtəlif aktual mövzularda müzakirələr aparmaq və onların dünyagörüşünü genişləndirmək idi.
Bu barədə AlESEC Azərbaycan təşkilatından lokal komitə üzrə əməkdaşlıq sədri Aysel Qələndərova məlumat verib. Onun sözlərinə görə, forumda Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində #SDG13 – “İqlim Dəyişikliyi ilə Mübarizə”, #SDG14 – “Dəniz Ekosistemlərinin Qorunması” və #SDG15 – “Torpaq Ekosistemlərinin Dayanıqlı İdarə Olunması” mövzuları müzakirə olunub. Bu mövzularda keçirilən Keynote çıxışlarını Kamal Mahmudov, Xəyala Məmmədova və Elmir Məmmədli təqdim ediblər.
Eyni zamanda Azərbaycan Gənclər Fondunun dəstəyi və AIESEC Azərbaycanın təşkilatçılığı ilə LANDAU School-da World’s Largest Lesson layihəsi baş tutub. Məqsəd gənc nəslin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) haqqında məlumatlanmasını təmin etmək, onların ekoloji bilik və şüurunu artırmaq, eləcə də dayanıqlı gələcəyin qurulmasında fəal iştiraklarını təşviq etmək idi.
Layihə çərçivəsində 100-dən çox AIESEC üzvü LANDAU School-un 2000-ə yaxın şagirdinə DİM-lərlə bağlı dərslər keçib. Dərslər əyləncəli və interaktiv formatda təşkil edilib, məktəblilərdə dayanıqlılıq mövzusuna maraq və məsuliyyət hissi oyatmağa xidmət edib.
Açılış mərasimində AIESEC Azərbaycanın Prezidenti Nicat Tahirli çıxış edib. Daha sonra LANDAU-dan Leyla Məmmədyarova və ABB-dən Aygün Ağalarova inspirativ çıxışları ilə iştirakçıları salamlayıblar.
Panel müzakirəsində isə UNICEF-dən Elmir Valehli, AIESEC Azərbaycandan Nicat Tahirli və COP29 nümayəndəsi Məryəm Məcidova iştirak ediblər. Onlar layihənin əhəmiyyətini, gənclərin dayanıqlılıq mövzusundakı rolunu və qlobal problemlərin həllində birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.