Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zaqatalada onlayn qumar oynayan gənc 3 min manat cərimələndi

Əmrah Mehdiyev “Pinap” platformasında hesab yaradaraq qumar oyununda iştirak edib, məhkəmə inzibati cərimə tətbiq edib

287

Zaqatala rayonunda qumar oyunlarında iştirakla bağlı aparılan araşdırmalar nəticəsində iki nəfər barəsində inzibati tədbir görülüb. Onlardan birinin rayon sakini, 1996-cı il təvəllüdlü Əmrah Mehdiyev olduğu bildirilib.

Məlumata görə, Ə. Mehdiyev “Pinap” adlı onlayn oyun platformasında şəxsi telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçərək hesab yaradıb və həmin hesab üzərindən qumar oyunlarında iştirak edib. Araşdırma zamanı onun profildən aktiv istifadə etdiyi müəyyən olunub.

Faktla bağlı Mehdiyev İnzibati Xətalar Məcəlləsinin qumar oyunlarında iştirakla bağlı 525-ci maddəsi üzrə məsuliyyətə cəlb edilib.

Məhkəmədə verdiyi izahatda Ə. Mehdiyev ailəli olduğunu, ailənin maddi yükünün üzərində olduğunu bildirib. O, maddi imkanının və vaxtının belə oyunlar üçün olmadığını, yalnız bir neçə dəfə illər əvvəl oynadığını və sonradan Rusiyaya getdiyini qeyd edib. Həmçinin, istifadə etdiyi telefonun hazırda işləmədiyini və təmir etdirmək imkanının olmadığını deyib. Onun sözlərinə görə, qumarla məşğul olması keçmişdə yol verdiyi səhv olub və artıq bu cür oyunlardan uzaq durur.

Zaqatala Rayon Məhkəməsinin qərarına əsasən, Əmrah Mehdiyev barəsində 3 min manat məbləğində cərimə tətbiq edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.