Zəngəzur dəhlizi üzrə razılaşmalar sürətlənir
Mirzoyan: “Tikintinin 2027-ci ilə qədər başa çatdırılması mümkündür”
Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar yeni mərhələyə qədəm qoyub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “TVP World” telekanalına müsahibəsində bildirib ki, tərəflər qarşılıqlı şəkildə bir-birlərinin infrastrukturundan istifadə etməklə regionda yeni imkanlar yarada bilərlər.
Nazirin sözlərinə görə, dəhlizin əsas hissəsi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa yol sayılan “TRIPP – Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (Zəngəzur dəhlizi) üzərində qurulacaq:
“Biz bir-birimizin dəmir yolu və avtomobil yollarından normal qonşular kimi faydalana bilərik. Bu dəhliz həm nəqliyyat, həm də enerji xətləri üçün istifadə ediləcək”.
Mirzoyan həmçinin qeyd edib ki, Ermənistan və ABŞ birlikdə dəhlizin inşaatçısı və operatoru olacaq konsorsium yaratmağı planlaşdırır. Bu qurum layihənin icrasında üçüncü şirkətləri də cəlb edə, boru kəmərləri və elektrik xətləri üzrə işlər apara biləcək.
Nazir bildirib ki, razılaşdırılan prinsiplər artıq mövcuddur, indi isə texniki həllərin üzərində iş aparılır:
“ABŞ tərəfdaşlarımızla müzakirələrə başlamışıq. Yaxın aylarda texniki detalları razılaşdırmaq, daha sonra isə tikintiyə başlamaq planlaşdırılır”.
Ekspertlərin fikrincə, dəmir yolunun tikintisi ən azı iki il çəkəcək və layihənin 2027-ci ilə qədər başa çatdırılması gözlənilir. Ermənistan isə həm Azərbaycanla əlaqənin bərpasında, həm də öz ərazisinin şimal və cənub bölgələri arasında yeni dəmir yolu xəttinin açılmasında maraqlı olduğunu vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.