Zəngəzur dəhlizi ilə bağlı tarixi razılaşma – maneələr aradan qalxdı
Türk dünyasının 100 illik arzusu reallaşır: Zəngəzur dəhlizi açılır
Azərbaycan, ABŞ və Ermənistan arasında əldə olunan razılaşma ilə Zəngəzur dəhlizinin açılmasına mane olan əngəllər aradan qaldırılıb. Türkiyə mediası yazır ki, bu dəhliz Azərbaycanın coğrafi bütövlüyü, logistika imkanlarının genişlənməsi və enerji marşrutları baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumata görə, dəhlizin istifadəyə verilməsi ilə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında birbaşa quru əlaqəsi yaradılacaq, həmçinin Orta və Şimal-Cənub nəqliyyat xətləri kimi iri layihələrin inteqrasiyası asanlaşacaq. Layihə üçün tələb olunan infrastruktur investisiyalarının 7 milyard dolları keçəcəyi, Türkiyə şirkətlərinin isə təxminən 15 milyard dollarlıq tikinti və logistika işləri həyata keçirəcəyi gözlənilir.
Ekspertlərin fikrincə, növbəti onillikdə regional ticarət həcmi 3-4 dəfə artacaq, bu da həm Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına, həm də enerji kəmərləri və elektrik şəbəkələrinin inkişafına təkan verəcək.
Türkiyəli ekspertlər bildirirlər ki, dəhliz Azərbaycanın Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə əlavə olaraq, Naxçıvan vasitəsilə Türkiyə və Yaxın Şərqə enerji ötürülməsini təmin edəcək, eyni zamanda İran və Rusiyanın nəzarətində olan marşrutlara alternativ yaradacaq.
Beynəlxalq münasibətlər üzrə ekspertlər isə qeyd edirlər ki, Zəngəzur dəhlizi Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin mühüm halqasıdır. ABŞ-nin layihəyə nəzarəti Moskva və Pekinin bölgədəki strateji planlarına təsir göstərə bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.