Mərkəzi Aran Regional Təhsil idarəsi (RTİ) və Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə” mövzusunda seminar keçirilib. Yevlax rayon 1 nömrəli tam orta məktəbin ev sahibliyi ilə keçirilən seminarda həmin rayonun təhsil sektorunun nümayəndələri, ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdləri və MDU-nun professor-müəllim heyəti üzvləri iştirak ediblər.
Seminarda Yevlax rayon Təhsil sektorunun müdiri Namidə Abbasova və MDU-nun Riyaziyyat kafedrasının müdiri Sahib Mustafayev giriş sözü ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin elmə və təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına yüksək diqqət və qayğısından danışıblar. Bildiriblər ki, MDU ilə Mərkəzi Aran RTİ arasında “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilmiş Birgə Tədbirlər Planına əsasən təşkil olunmuş hazırki seminar ümumi təhsil müəssisələrində riyaziyyat fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin təcrübə mübadiləsinin təmin edilməsi, şagirdlərin riyaziyyat elminə diqqət və marağının artırılması istiqamətində görülən işlərə töhfə məqsədi daşıyır.
Giriş nitqlərindən sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Riyaziyyat kafedrasının əməkdaşlarından Müsəllim Hümbətov “Təlim prosesində kvadrat tənliyin köklərinin xassələri innovativ yanaşma vasitəsi kimi”, Rövşən Babayev “İstedadlı şagirdlərin riyaziyyat fənnindən müsabiqə və olimpiadalara hazırlığı” və Tofiq Orucov “Riyaziyyat təlimində variasiyalı yanaşma” mövzularında məruzə ilə çıxış ediblər.
Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Mingəçevir və Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər keçirilir.
Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU ilə Mərkəzi Aran RTİ arasında təsdiq edilmiş Birgə Tədbirlər Planına uyğun olaraq fəaliyyətlər davam edir. Tədbirlər Planı ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə elmi konfrans, seminar və mühazirələri, pedaqoji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə dair dəyirmi masaları, gənc müəllimlər və yeni təyin olunmuş məktəb direktorları üçün ustad dərsləri, şagirdlərin “Sabahın alimləri” müsabiqəsinə hazırlanmasını və sair tədbirləri özündə ehtiva edir. Tədbirlər Planı çərçivəsində təqdim olunan imkanlardan MDU əməkdaşları və tələbələri, Mərkəzi Aran RTİ-nin 7 şəhər və rayon (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir) üzrə inzibati-pedaqoji heyəti və şagirdləri faydalana biləcəklər.
Şərhlər bağlıdır.