Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yerli dərman zavodu

Deputat: “İstehsalın genişlənməsi qiymət artımının qarşısını alacaq, rəqabəti gücləndirəcək”

113

Hökməli qəsəbəsində fəaliyyətə başlayan “Scandens Pharmaceutical Industries Ltd” MMC-yə məxsus dərman istehsalı müəssisəsi Azərbaycanda əczaçılıq sənayesinin inkişafı baxımından önəmli addım kimi qiymətləndirilir. Açılışda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən müəssisədə il ərzində 800 milyonadək tablet və kapsul istehsalı nəzərdə tutulur. Hazır məhsullar həm yerli bazara təqdim olunacaq, həm də ixrac olunacaq. Müəssisədə 120 yeni iş yeri yaradılıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov yerli istehsalın əhəmiyyətinə toxunaraq bildirib ki, yeni zavodun fəaliyyəti dərman təchizatında xarici asılılığın azalması və daha sabit bazarın formalaşması baxımından strateji önəm daşıyır:

“Yerli istehsal qısa müddətdə qiymətlərdə kəskin dəyişiklik yaratmasa da, orta və uzunmüddətli dövrdə qiymət artımının qarşısını almağa, rəqabəti artırmağa və bazarda sabitlik yaratmağa mühüm təsir göstərəcək. Azərbaycanda dərmanların qiymətqoyma sistemi qanunla tənzimləndiyindən, yeni müəssisə də digər şirkətlərlə bərabər şəkildə dövlət nəzarəti altında fəaliyyət göstərəcək”.

Deputat əlavə edib ki, əczaçılıq sektorunda istifadə olunan xammalın əksəriyyəti digər ölkələrdən alınır və bu, dünya üzrə qəbul edilmiş praktikadır. Əsas hədəf isə xammalın mənşəyindən asılı olmayaraq, son məhsulun keyfiyyətinə tam nəzarətin təmin edilməsi ilə bağlıdır. Bununla yanaşı, uzunmüddətli perspektivdə bəzi bitki mənşəli və biotexnoloji xammalın yerli istehsalı üçün də imkanlar mövcuddur və bu istiqamətdə araşdırmalar davam etdirilir:

“Müəssisənin beynəlxalq standartlara uyğun qurulması, istehsal olunan dərmanların yalnız daxili bazar üçün deyil, ixrac üçün də rəqabət qabiliyyətli olmasına şərait yaradır. Gələcəkdə Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropa ölkələrinə ixrac planları var ki, bu da qeyri-neft sektorunun inkişafına və Azərbaycanın farmasevtika üzrə brend dəyərinin yüksəlməsinə töhfə verəcək”.

R.Mahmudov onu da vurğulayıb ki, zavodun üzərində quraşdırılan günəş panelləri təsadüfi seçim deyil. Enerji istehlakı yüksək olan əczaçılıq sənayesində alternativ enerji mənbələrindən istifadə dünya standartlarına uyğun olmaqla yanaşı, Azərbaycanın “yaşıl enerji” siyasətinə də tam şəkildə uyğundur. Bu addım istehsal xərclərinin optimallaşdırılmasına, ekoloji davamlılığın artırılmasına və gələcəkdə məhsulların maya dəyərinin aşağı düşməsinə müsbət təsir göstərəcək. Bu baxımdan layihə iqtisadi, ekoloji və sənaye baxımından müasir və məqsədəuyğun model kimi dəyərləndirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.