Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yeni ildən təbii qazın qiymətində gözlənilirmi?

2026-cı ildə qlobal LNG istehsalının 10 faiz artması Avropada qiymət və təchizat baxımından sabitlik yaradacaq

770

Beynəlxalq proqnozlara əsasən, 2026-cı ildə qlobal mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı təxminən 10 faiz artaraq 490 milyon tona yüksələcək. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu göstərici 446 milyon ton təşkil edib.

Bu barədə “S&P Global Energy” agentliyinin növbəti il üzrə açıqladığı hesabatda bildirilib. Proqnozlara görə, 2026-cı ildə enerji bazarına təsir edən əsas amillər arasında neft təklifinin artması fonunda qiymətlərin aşağı düşməsi, qış mövsümündə qaz tələbatının yüksəlməsi və mövcud geosiyasi proseslər yer alacaq.

Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatına görə, dekabrın 26-da Avropada yeraltı qaz anbarlarından gündəlik qaz çıxarılması rekord həddə çatıb. Bir gün əvvəl bu göstərici 160 milyon kubmetr səviyyəsində qeydə alınmışdı.

“S&P Global Energy”nin analitikləri hesab edirlər ki, LNG istehsalındakı artım Avropaya həm qiymət, həm də təchizat baxımından son illərin ən rahat qış mövsümünü yaşatmağa imkan verəcək. Hava şəraitinə bağlı tələbat artımı riski qalsa da, bir sıra ekspertlər yeni ildən qaz qiymətlərinin nisbətən aşağı səviyyədə qalacağını düşünür.

Beynəlxalq Enerji Agentliyi (IEA) isə Avropada qaz tələbatının 2026-cı ildə 2 faiz azalacağını proqnozlaşdırır. Agentliyin qiymətləndirməsinə əsasən, bərpa olunan enerji mənbələrinin payının artması elektrik istehsalında təbii qaza olan ehtiyacı zəiflədəcək.

Avropadan fərqli olaraq, Qərbi Asiya regionunda vəziyyət daha gərgin olaraq qalır. Artan daxili tələbat səbəbindən İran ötən həftə İraqa qaz ixracını dayandırıb. Yerli mənbələrin məlumatına görə, bu qərar İranın qərb və şimal-qərb bölgələrində qaz infrastrukturuna düşən yüksək əməliyyat yükü ilə bağlıdır.

Bildirilib ki, sərt hava şəraiti və dağlıq relyef bu ərazilərdə qaz təminatında texniki çətinliklər yaradıb. Nəticədə, İranın qaz tədarükünü dayandırması İraqda elektrik istehsalına ciddi təsir göstərib. İraqın Elektrik Nazirliyinin açıqlamasına görə, bu səbəbdən ölkənin milli enerji şəbəkəsində 4 000–4 500 meqavatlıq azalma baş verib.

Qeyd edək ki, İran hazırda İraqın qaz və elektrik enerjisinə olan tələbatının təxminən 40 faizini qarşılayır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.