AzərbaycanElm və təhsilMDUXəbərlər

Yeni Azərbaycan Partiyası, İlham Əliyev fenomeni: uğur rəmzi

Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə çox böyük nüfuza sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçərək, xalqımızın qarşısında duran vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. İqtidar partiyası olaraq,Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək başqa bir partiya yoxdur.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisədir.Bu quriltay həm də onunla əlamətdardır ki, Qurultayda Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri  qəbul edilib. Bu partiyaların YAP-na qoşulması isə, iqtidar partiyasına olan etibar və inamı ifadə edir.

YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğaldan azad olunmasının təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Vətən müharibəsində parlaq qələbənin əldə olunması Prezident İlham Əliyevin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünya gördü. Prezident İlham Əliyevindediyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq”.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda çıxışı zamanı Zəfərdən sonrakı partiyanın fəaliyyətinin başlıca istiqamətlərini  müəyyənləşdirdi ki, bu istiqamətlərdən də ən başlıcası işğaldan azad edilmiş ərazilərə qayıdışın təmin edilməsidir. Dövlətimizin başçısı Qayıdış Proqramının yerinə yetirilməsi üçün YAP üzvlərini, gəncləri daha fəal olmağa çağırdı. Son illər həm sosial , həm də siyasi sferada yaşananların təhlili onu deməyə əsas verir ki, YAP fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi və idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Belə ki, hakimiyyət yenilikçi düşüncəyə meydan verməklə idarəçilikdə səmərəliliyin artmasına nail olmağa çalışır.

Diqqət yetirsək görərik ki, YAP-ın yeni formalaşan İdarə Heyətində də kifayət qədər gənc təmsil olunub. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin xüsusi şücaətinə toxunan partiya Sədri bundan sonrakı dövrdə də vətənimizin daha da inkişafı üçün gənclərimizin üzərinə böyük vəzifə düşdüyünü qeyd etmişdir. Fikrimcə, ətrafında kifayət qədər böyük gənclər ordusu toplayan Yeni Azərbaycan Partiyası bütün bu proseslərdə yaxından iştirak edəcək və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Azərbaycan gəncləri torpaq uğrunda, Vətən uğrunda mübarizə apardılar və qalib oldular. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimizdir. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin hakimiyyəti dövründə ən önə çıxan anlayışın Vətən sevgisi olduğunu gördülər və onlar belə yetişdilər.

Qurultayın cəmiyyətə mesajlarından da partiyanın yarandığı gündən  rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq oldu. Hesab edirəm ki, bundan sonrakı dövrdə də YAP-nın fəaliyyəti nəticəsində dövlətimiz  daha böyük uğurlar qazanacaq və milli həmrəyliyin  daha da güclənməsinə xidmət edəcək.

 

Aygün Qədirova

Mingəçevir Dövlət Universiteti

Humanitar fənlər kafedrasının müəllimi

Daha çox

Oxşar yazılar

Close