Yaxın Şərqdə tarixi dönüş
Münaqişənin hər iki tərəfi atəşkəsə razılaşıb — ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə yeni mərhələ başlayır
İsrail və HƏMAS arasında Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və əsirlərin qarşılıqlı dəyişdirilməsi barədə razılıq əldə olunub. Razılaşma ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə baş tutub və bölgədə uzun illər davam edən qarşıdurmada dönüş nöqtəsi kimi qiymətləndirilir.
HƏMAS təşkilatı Telegram kanalında yaydığı açıqlamada vasitəçilik səylərinə görə adıçəkilən ölkələrə təşəkkür edib. Bildirilib ki, atəşkəsin əldə olunması və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində göstərilən beynəlxalq səylər nəticə verib.
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək bildirib ki, “bütün məhbuslar əldə olunmuş razılaşma çərçivəsində azadlığa buraxılacaq”. O, bunu “qalıcı və sabit sülhə doğru atılan ilk addım” adlandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu razılaşmanın elanından sonra Trampa zəng edərək vasitəçilik səylərinə görə minnətdarlığını bildirib.
“Associated Press”in məlumatına görə, HƏMAS bir neçə gün ərzində sağ qalan 20 əsiri azad edəcək. Bu müddətdə İsrail ordusunun Qəzza zolağının böyük hissəsindən çıxması planlaşdırılır. Lakin təşkilatın silahı tam şəkildə yerə qoyub-qoymayacağı və Qəzzaya gələcəkdə kimin nəzarət edəcəyi hələlik qeyri-müəyyən qalır.
Beynəlxalq müşahidəçilər qeyd edirlər ki, tərəflər uzun illərdən sonra ilk dəfə real şəkildə müharibəni dayandırmağa bu qədər yaxınlaşıblar. “Reuters” isə razılaşmanın həm İsraildə, həm də fələstinlilər arasında böyük ümid və ruh yüksəkliyi yaratdığını bildirir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.