Bizimlə həyatınız həmişə işıqlı olacaq!

XXV Qış Olimpiya Oyunları bu gün rəsmi olaraq başa çatır

Verona Arenasında keçiriləcək bağlanış mərasimində Azərbaycanı təmsil edən idmançılar da parad zamanı bayrağımızı daşıyacaqlar

46

İtaliyanın Milan və Kortina-d’Ampezzo şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunları bu gün rəsmi olaraq yekunlaşacaq.

Bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Təntənəli tədbir ölkənin simvolik məkanlarından biri hesab olunan Verona Arenasında təşkil ediləcək.

“Filmmaster” şirkətinin hazırladığı və “Grand Finale” adlandırılan proqram İtaliyanın zəngin mədəni irsini, incəsənətini və idman ənənələrini nümayiş etdirməyi hədəfləyir. Səhnə kompozisiyalarında Olimpiya iştirakçılarının əzmkarlığı və qazandıqları uğurlar xüsusi vurğulanacaq. Ənənəyə uyğun olaraq, Olimpiya bayrağı növbəti ev sahibi şəhərə təqdim olunacaq.

Azərbaycan bu mötəbər yarışda iki idmançı ilə təmsil olunub – dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev. Bağlanış mərasimində keçiriləcək parad zamanı ölkəmizin bayrağını da məhz onlar daşıyacaqlar.

Vladimir Litvintsev fevralın 10-da Milandakı “Mediolanum Forum” arenasında qısa proqram üzrə çıxış edib. Onun performansı hakimlər tərəfindən 63.63 balla qiymətləndirilib. Bu nəticə ilk 24-lüyə düşmək üçün kifayət etmədiyindən idmançı sərbəst proqram mərhələsində iştirak hüququ qazana bilməyib.

Anastasiya Papatoma isə fevralın 18-də Kortina-d’Ampezzo şəhərində yerləşən Tofane Alp Xizək Mərkəzində slalom yarışına qatılıb. 92-ci nömrə ilə start götürən 18 yaşlı idmançı ilk enişini 1:01.81 saniyəyə tamamlayıb. İkinci cəhdinə 59-cu pillədən başlayan Papatoma finiş xəttini 1:07.34 saniyəyə keçib. İki nəticənin cəminə görə (2:09.15) o, yarışları 51-ci yerdə başa vurub.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən təxminən 3 min idmançı iştirak edib. Yarışlarda 16 idman növü üzrə ümumilikdə 116 medal dəsti sahibini tapır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.