Xaricdə təhsil alanlarla bağlı yeni statistika
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı aylıq hesabatını açıqlayıb
Sentyabr ayında xaricdə ali təhsil almış 751 nəfər diplomlarının tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib. Onlardan 643 nəfərin sənədi müsbət qərarla təsdiqlənib və müvafiq şəhadətnamələr təqdim olunub. 108 müraciət isə mənfi qərarla yekunlaşıb.
Agentlikdən bildirilib ki, mənfi qərar verilən halların əsas səbəbləri arasında təhsil müddətinin normadan az olması (58 fakt), kredit fərqlərinin çoxluğu (28 fakt), həmçinin akkreditasiyasız universitetlərdə təhsil (5 fakt) və autentik olmayan diplomlar (2 fakt) yer alır.
Müraciətlərin coğrafiyasına nəzər saldıqda, ən çox sənəd Türkiyədən (292 müraciət) daxil olub. Ardınca Rusiya (176), Ukrayna (123) və Gürcüstan (36) gəlir. Digər müraciətlər Belarus, Böyük Britaniya, ABŞ, İtaliya, Almaniya, Çin və digər ölkələrdən daxil olub.
Ən çox müraciət edilən ixtisaslar arasında hüquqşünaslıq (103), iqtisadiyyat (47), maliyyə (46), tibb və səhiyyə (44), eləcə də biznesin idarə edilməsi (40) ixtisasları üstünlük təşkil edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.