Xankəndidə silah alverinə qarşı əməliyyat — avtomatla keçmək istəyən şəxs saxlanıldı
DİN-in Xankəndidə keçirdiyi əməliyyat nəticəsində bir neçə nəfərin qanunsuz silah saxlama və satma cəhdi ifşa olunub.
Daxili İşlər Nazirliyi əməkdaşları Xankəndi şəhərində qanunsuz odlu silah və sursat dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat həyata keçiriblər.
Xankəndi Şəhər Polis Şöbəsinin məlumatına görə, Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanov şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən avtomat silah keçirməyə cəhd edib. Təhlükəsizlik yoxlaması zamanı onun idarə etdiyi “Mercedes” markalı avtomobildə axtarış aparılıb və sərnişin kimi hərəkət edən A.Qəhrəmanovun üzərindən “AK” markalı avtomat və 30 ədəd patron aşkar edilərək götürülüb.
Məlum olub ki, o, silahı polisin diqqətindən yayındırmaq üçün hissələrə ayıraraq geyimlərin arasında gizlədib. Araşdırma zamanı müəyyən edilib ki, Qəhrəmanov odlu silah-sursatı Xankəndidə restoranlardan birində çalışan qayınatası — 1959-cu il təvəllüdlü Nazim Həsənov və qaynı, 1997-ci il təvəllüdlü Murad Həsənovdan əldə edib.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin işlədikləri restoranda axtarış aparılıb. Nəticədə daha bir “AK” markalı avtomat, iki “Makarov” markalı tapança və 30 patron aşkarlanaraq götürülüb. Həsənovlar ifadələrində bu silahları satış məqsədilə gizlətdiklərini etiraf ediblər.
Əməliyyatın davamı olaraq A.Qəhrəmanovun silah satdığı digər şəxs — Qəbələ rayon sakini Zaur Rəsulov da saxlanılıb. Onun evindən və həyətyanı sahəsində gizlətdiyi “CZ” markalı tapança və 13 patron aşkarlanıb.
Bundan əlavə, A.Qəhrəmanovun Bərdə şəhərindəki evinə baxış zamanı pnevmatik tapança da tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.