Son illər Xəzər dənizində müşahidə olunan su səviyyəsinin enməsi regionun ekosistemi və iqtisadiyyatına mənfi təsir göstərir. Bu isə dənizin gələcəyi ilə bağlı ciddi suallar doğurur.
Ekoloq Çingiz İsmayılov bildirib ki, suyun azalmasının əsas səbəbləri quraqlıq, qlobal iqlim dəyişikliyi və Xəzərə daxil olan çay sularının həcminin azalmasıdır:
“Xəzər dənizində səviyyə dövri olaraq dəyişir. 35-50 illik dövr ərzində suyun səviyyəsi enib-qalxır. Bu, təbii prosesdir və indiki eniş müvəqqətidir. Sonrakı dövrdə səviyyə yenidən yüksələ bilər.
Xəzər dənizinə 130-dan çox çay tökülür, bunların 80 faizi Volqa çayına aiddir. Son illər Volqa çayının sahillərində kənd təsərrüfatı genişlənib, su anbarları yaradılıb və çaydan götürülən suyun həcmi artıb. Nəticədə Xəzərə daxil olan suyun miqdarı azalıb. Volqa çayının təsiri dənizin səviyyəsinin aşağı düşməsində həlledici rol oynayır”.
Ekspert əlavə edib ki, su səviyyəsinin düşməsi gələn illərdə də davam edə bilər və Xəzərin səviyyəsi təxminən üç metrə qədər azala bilər, amma bu dövri proses olduğundan, yüksəlmə mərhələsi də gələcək:
“Xəzər sahilində limanların fəaliyyəti birbaşa suyun səviyyəsindən asılıdır. Səviyyə düşdükcə, ağıryüklü gəmilər limana yaxınlaşa bilmir və yükləri azaltmaq məcburiyyətində qalırlar. Turizm sektorunda çimərliklər sahildən uzaqlaşdıqca servis xidmətləri yenidən qurulmalıdır. Eyni zamanda kanalizasiya və tullantı xətləri yenidən təşkil olunmalıdır.
Suyun azalması balıqçılıq, nəqliyyat, turizm və neft hasilatı kimi sahələrə də mənfi təsir göstərir”.
İsmayılov Xəzərdə vəziyyətin tənzimlənməsi üçün dövlətlərarası monitorinq qrupunun yaradılmasının vacib olduğunu və hər çaydan daxil olan suyun həcminin hesablanmasını tövsiyə edib:
“Acınacaqlı vəziyyətin qarşısını yalnız Xəzəryanı ölkələrin birgə səyi ilə almaq mümkündür”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.