“WhatsApp” yazışmalarını razılıqsız paylaşmaq qadağandır
Ali Məhkəmənin Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı və qanuni məhdudiyyətlərə dair yeni mövqelər açıqlanıb.
Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında şəxsi yazışmaların qorunması ilə bağlı xüsusi mövqelər açıqlanıb. Qərarda vurğulanıb ki, hər bir insanın yazışmaları, poçt və digər rabitə vasitələri ilə ötürülən məlumatları qanunla qorunur.
Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunsuz əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozulması hesab edilir. Qanunla bu hüquq yalnız cinayətin qarşısının alınması və ya cinayət işinin istintaqı üçün məhdudlaşdırıla bilər.
Qərarda həmçinin qeyd olunub ki, hüquqi mübahisələr zamanı tərəflər yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya səlahiyyətli quruma sübut kimi təqdim edə bilərlər. Digər şəxslərlə olan yazışmalar isə mübahisədə sübut kimi istifadə edilə bilməz.
Xüsusi olaraq vurğulanıb ki, media və ya internet vasitəsilə qarşı tərəfin razılığı olmadan hər hansı şəxsi yazışmanın paylaşılması qadağandır və bu, şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə və mənəvi zərərin yaranması hesab edilir.
Plenum qərarında həmçinin bildirilib ki, “WhatsApp” yazışmaları fərdin xəbəri olmadan izlənilə bilməz. Yeganə istisna, valideynin yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan uşağının telefonuna onun razılığı olmadan baxmasıdır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.