Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vaşinqton sammitindən yeni razılaşma

Azərbaycan, Ermənistan və ABŞ liderləri Zəngəzur dəhlizinin açılması barədə anlaşdı

10

Avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə Azərbaycan, Ermənistan və ABŞ liderləri sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə ediblər.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsinə 99 il müddətinə ABŞ şirkəti nəzarət edəcək. Dəhlizin hüquqi rejimi hələ tam açıqlanmasa da, Azərbaycan vətəndaşlarının maneəsiz hərəkətinin təmin olunacağı bildirilib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib ki, dəhliz vasitəsilə şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin sərbəst gediş-gəlişi Ermənistan tərəfindən əvvəlcədən qəbul olunmuş şərtlərdəndir. O, Azərbaycanın prinsipial mövqeyini vurğulayaraq, vətəndaşların və yüklərin sərhəd-gömrük nəzarəti olmadan təhlükəsiz şəkildə hərəkətinin təmin edilməli olduğunu bildirib.

Deputat əlavə edib ki, bu tənzimləmələr yalnız yük avtomobillərinə deyil, həm də şəxsi nəqliyyat vasitələrinə şamil olunacaq. Beləliklə, Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan şəxslər Naxçıvana maneəsiz şəkildə gedib-gələ biləcəklər.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirəcək, Naxçıvanla quru əlaqəni bərpa etməklə ölkənin iqtisadi və sosial inteqrasiyasına təkan verəcək. Layihə həm də Türkiyə ilə birbaşa yol bağlantısı yaradaraq türk dünyasının nəqliyyat xəritəsində strateji əhəmiyyət kəsb edəcək və Orta Asiyadan Avropaya tranzit marşrutlarını gücləndirəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.