Valideynlərini itirmiş uşaqlarla bağlı anlayış yenilənir
Termin vahidləşdirilir və “valideyn himayəsindən məhrum olmuş uşaqlar” ifadəsi tətbiq ediləcək
Qanunvericilikdə istifadə olunan “valideynlərini itirmiş uşaqlar” anlayışının dəyişdirilməsi nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, bu termin “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı ilə əvəz olunacaq.
Məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan bir sıra məcəllə və qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində öz əksini tapıb.
Hazırda qüvvədə olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda bu iki anlayış ayrı-ayrı kateqoriyalar kimi müəyyən edilib. Bununla belə, Ailə Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında “valideyn himayəsindən məhrum olmuş uşaq” anlayışından vahid termin kimi istifadə olunur.
Təklif edilən dəyişikliklər bu uyğunsuzluğun aradan qaldırılmasını və hüquqi terminologiyanın vahidləşdirilməsini nəzərdə tutur. Beləliklə, qeyd olunan qanunda “valideynlərini itirmiş uşaqlar” ifadəsi rəsmi olaraq “valideyn himayəsindən məhrum olmuş uşaqlar” kimi təsbit ediləcək.
Layihə çərçivəsində digər normativ-hüquqi aktlarda da uyğunlaşdırma məqsədilə müvafiq dəyişikliklərin aparılması planlaşdırılır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.