Valideynlər növbəti dəfə imtahan prosesini izləyiblər
2023-cü ilin yanvarın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib.
Əvvəlcə, universitetin rəhbər və inzibati heyət üzvləri valideynlərlə söhbət aparıb, onlara imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları, müraciətlərə çevik baxılması mexanizmləri və bugünədək olan imtahan nəticələri barədə ətraflı məlumat veriblər.
Sonra, valideynlər auditoriyalarda imtahan prosesini izləyiblər. İmtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun təşkilindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlanan payız semestrinin imtahan sessiyası fevralın 1-dək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 1000-dən çox imtahanda 3500-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə universitetdə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin edilib, rektorun iştirakı ilə müntəzəm olaraq “Açıq qapı” günləri keçirilir.
Şərhlər bağlıdır.