Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vətəndaşlar artıq iş yerinə dair arayışı birbaşa “myGov” platformasından əldə edə biləcəklər

Yeni rəqəmsal xidmət vətəndaşlara sənədləri onlayn qaydada, bir neçə dəqiqəyə almaq imkanı yaradır

11

“myGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir yeni xidmət təqdim olunub. Artıq “İş yerinə dair arayışın alınması” xidməti birbaşa “myGov” portalında da aktivdir.

Bu yenilik İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Yeni xidmət vasitəsilə vətəndaşlar iş yerlərinə dair arayışı birbaşa “myGov” üzərindən əldə edə biləcəklər. Hazırlanan sənəd elektron formatda (PDF) yüklənir və rəsmi təqdimata hazır olur. Arayış viza, kredit, ipoteka və digər rəsmi məqsədlər üçün istifadə edilə bilər.

Xidmətdən istifadə qaydası belədir:

  • “myGov” portalında “Xidmətlər” bölməsindən “Məşğulluq” kateqoriyasına daxil olunur;

  • “İş yerinə dair arayışın alınması” xidməti seçilir;

  • Sistem istifadəçinin aktiv əmək müqaviləsini avtomatik yoxlayır və uyğun məlumatları təqdim edir;

  • Vətəndaş əməkhaqqının göstərilib-göstərilməməsini və arayışın məqsədini (viza, kredit, ipoteka və s.) seçir;

  • İstəyə uyğun olaraq, arayışın təqdim olunacağı qurumun adı və ya VÖEN-i daxil edilə bilər;

  • Sənəd təsdiqləndikdən sonra sistem avtomatik olaraq arayışı yaradır və ona unikal sənəd nömrəsi və QR kod əlavə edir.

Hazırlanmış sənədi PDF formatında yükləmək və istənilən quruma təqdim etmək mümkündür. Arayışın doğruluğunu isə istənilən şəxs “my.gov.az” portalında sənəd nömrəsi və QR kod vasitəsilə onlayn şəkildə yoxlaya bilər.

Bu yenilik dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində növbəti mühüm addım sayılır. Layihə sayəsində vətəndaşlar gündəlik sənəd əməliyyatlarını daha sürətli, şəffaf və rahat şəkildə həyata keçirə biləcəklər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.