Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib

İclasda yeni vəkil bürosunun yaradılması, tələbələrə maliyyə dəstəyi, intizam məsələləri və illik statistik hesabatın dərc olunması ilə bağlı qərarlar qəbul edilib.

104

2026-cı il martın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qurumun son dövrlərdə həyata keçirdiyi fəaliyyət və görülən işlər barədə məlumat verib. O, həmçinin qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını təbrik edərək onlara sağlamlıq, xoşbəxtlik və işlərində uğurlar arzulayıb.

İclasın gündəliyinə uyğun olaraq bir sıra məsələlər müzakirə edilib. Belə ki, bəzi vəkillərin digər vəkil qurumlarına keçidi, yeni vəkil bürosunun yaradılması, müəyyən müddət üçün üzvlük haqqından azad olunma və yaranmış borcların silinməsi ilə bağlı müraciətlərə baxılıb. Müzakirələrdən sonra bu məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Eyni zamanda, “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin göstərilməsi barədə ADA Universitetinin müraciəti də müzakirə olunub. Hüquq fakültəsi tələbələrinin beynəlxalq səviyyədə təmsil olunmasının və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə alınaraq müraciət müsbət qiymətləndirilib və maliyyə dəstəyi göstərilməsi qərara alınıb.

Bundan başqa, iclasda “Vəkillərin peşə hazırlığı və ixtisasının artırılması haqqında” Qaydalar və Vəkillər Kollegiyasının Tədris Mərkəzinin Əsasnaməsi müzakirə edilərək təsdiqlənib. Bildirilib ki, bu sənədlər vəkillərin peşəkar inkişafının təmin olunmasına və tədris prosesinin vahid standartlar əsasında təşkilinə xidmət edəcək.

İclasda həmçinin 2025-ci ildə vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən hüquqi yardım üzrə illik statistik hesabatın dərc edilməsi məsələsi də müzakirə olunub və hesabatın ictimaiyyətə təqdim edilməsi qərara alınıb.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 mart 2026-cı il tarixli sərəncamı ilə hakim vəzifəsinə təyin edilən Vəkillər Kollegiyasının 12 üzvünün mükafatlandırılması və onların vəkillik fəaliyyətinə xitam verilməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri də müzakirə olunub. Qəbul edilmiş qərarlara əsasən, intizam pozuntusuna yol verdiyinə görə 1 vəkil Kollegiyadan xaric edilib, 3 vəkil barəsində cərimə tədbiri tətbiq olunub, 1 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi barədə xəbərdarlıq edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.