Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinə yeni yanaşma

“Uşaq hüquqları haqqında” qanun layihəsi çərçivəsində sosial şəbəkələrə girişə məhdudiyyətlər nəzərdən keçirilir

600

Uşaqların tərbiyəsi və təhsili üzərində sosial şəbəkələrin təsirinin artması narahatlıq doğurur və bununla bağlı müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirə olunub. Elm və Təhsil Nazirliyinin müavini Firudin Qurbanov bildirib ki, sosial şəbəkələr uşaqların həyatına böyük təsir göstərir və onların inkişafına mənfi təsirini azaltmaq üçün qadağa və məhdudiyyətlər tətbiq edilməlidir.

O, həmçinin qeyd edib ki, dünyada bu istiqamətdə addımlar atılır: “Avstraliyada 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə çıxışı ilə bağlı qadağa tətbiq olunub. İngiltərə və İspaniya da oxşar tədbirlərə hazırlaşır”.

Ombudsman Səbinə Əliyeva bu məsələyə əlavə olaraq süni intellektin insan hüquqlarına potensial təhdidini vurğulayıb. O, uşaqlar arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınmasının vacibliyini qeyd edib və “Roblox” platforması ilə bağlı hazırladığı hesabatı təqdim edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, “Roblox” korporasiyasına rəsmi müraciət göndərilib: “Bu platformada uşaqlar sərbəst şəkildə məzmun yaradır və digər istifadəçilərlə paylaşırlar. Bu isə onların təhlükəsizliyinə və düzgün inkişafına mənfi təsir göstərə bilər. Biz tərəfimizdən iradlarımızı çatdırmışıq və həll edilməzsə, qanunvericilik vasitəsi ilə addımlar atılacaq”.

O, həmçinin əlavə edib ki, sosial şəbəkələrdə davranışın tənzimlənməsi yalnız uşaqlar üçün deyil, bütün vətəndaşların etik normalara riayət etməsi baxımından da vacibdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.