Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uşaqların reklamlarda görünməsi artıq valideyn razılığına tabe olacaq

Yeni qanun layihəsinə əsasən, uşaqlar mənəvi və fiziki cəhətdən zərərli reklam və tütün məhsullarından qorunacaq

44

Reklamlarda uşaqların görüntülərinin istifadəsi valideynlərin və ya onları əvəz edən şəxslərin açıq razılığı ilə mümkün olacaq. Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində təqdim olunan dəyişiklik layihəsində vurğulanır ki, reklam materiallarında uşaqların görünməsi yalnız onların valideynlərinin razılığı əsasında icazə verilə bilər.

Xatırladaq ki, yeni hazırlanmış “Uşaq Hüquqları haqqında” qanun layihəsinə əsasən, dövlət uşaqları mənəvi və fiziki cəhətdən zərərli reklamlardan qoruyur. Layihədə qeyd edilib ki, uşaqların zərərli reklamdan müdafiəsinin prinsipləri və reklama dair tələblər “Reklam haqqında” qanunla tənzimlənəcək.

Bundan əlavə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna təklif edilən dəyişikliklərə görə, uşaqlar üçün təşkil olunan tədbirlərdə tütün məmulatlarının nümayişi və istifadəsi qadağan olunacaq. Eyni zamanda, tütün məhsulları və onların istifadəsi ilə bağlı əsərlərin, tamaşaların və proqramların efir və kabel yayımı vasitəsilə açıq yayımlanması da mümkün olmayacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.