Unudulmuş tikmə növünə yeni nəfəs verən gənc xanım
Mingəçevirli Sonaxanım Əzizova 2 ildən artıqdır ki, unudulmuş qədim sənət nümunələrindən olan “Sanama” tikiş növü ilə məşğuldur. Bu günlərdə onunla həmsöhbət olduq. Bildirdiyinə görə, uşaq vaxtı bu peşəni nənəsindən öyrənib. Nənə ona bu işin asan olmadığını bildirsə də gənc xanım fikirindən dönməyib. Özünün dediyi kimi, tələbə vaxtı otaq yoldaşının bu tikmə növü ilə məşğul olduğunu görəndən sonra yenidən həvəsə düşüb, amma bu peşə ilə 2 il qabaq ciddi məşğul olmağa qərar verib: “2016-2018-ci illərdə evdə tort və şirniyyat sifarişləri qəbul edib, hazırladım. Çünki ixtisasım üzrə işləmək imkanım yox idi, amma nə isə etmək istəyirdim və bu, o zaman üçün ən ideal variant idi. Oğlum yavaş-yavaş böyüyürdü və mən bu işi çox davam etdirə bilməyəcəkdim. Çünki çətin olması ilə birgə, həm də çox məsuliyyətli iş idi. Bu zaman özümü “işsiz” gördüm. Birdən daha əvvəl “sanama” tikmə növünü öyrəndiyimi xatırladım. Düşündüm ki, axı mən nəsə edə bilərəm. Belə oldu ki, getdim ləvazimatlar axtardım və evə gəlib tikməyə başladım. Beləliklə, 2018-ci ilin iyun ayında “Sanama collection” quruldu”.
Sonaxanım bildirdi ki, heç vaxt pul qazanmaq məcburiyyəti olmayıb. Hətta gördüyü bütün işlərdə həyat yoldaşı Elnur bəy də ona dəstək göstərib: “Həm maddi, həm mənəvi cəhətdən həyat yoldaşım mənə dəstək göstərib. Sadəcə özüm bir işlə məşğul olmaq istəyirdim. Biz fərqli sahələrdən, işlərdən rahat şəkildə pul qazana bilərik. Lakin bir sənətlə məşğul olarkən ilk ağıla gələn şey pul qazanmaq olmamalıdır. Müəllimin arzusu insan qazanmaq və yetişdirmək olmalıdır”.
Müsahibimiz öz işlərinin təqdimatı üçün “Sanama” adını seçməsinin səbəblərindən də danışdı: “Müxtəlif tikmə növləri var. Təkalduz, güləbətin, saya tikmə, xovlu tikmə, sanama tikmə və s. “Sanama tikmə” “xaçşəkilli tikmə” və ya “krest tikiş” də adlanır. “Sanama tikmə”nin də növləri vardır. Sadə xaç, yarı xaç, uzunsov xaç, düyü xaçı və s. “Sanama” bizim dildə həm də saymaq mənasının verir. Biz də bu tikiş növündə parçanın üzərindəki xanaları sayırıq. “Sanama collection” adını ona görə seçmişəm ki, həm öz milli sözümüz olsun, həm də hər hansı xarici dildə tələffüzü asan olsun. “Collection” sözü də ingilis dilində kolleksiya deməkdir və iki söz birlikdə Azərbaycan milli tikmə növləri və ya əl işləri kolleksiyası deməkdir. Bu sahədə çox geniş arzularım və planların var. Gələcəkdə milli tikmə növlərimizi dünyaya tanıtmaq üçün belə ad seçmişəm”.
Sonaxanım deyir ki, bu tikmə növünün adı çox adama tanış gəlmir: “Çünki bu adı həmişə rusca “krestik”, “krest tikiş” ya da “vışivka” deyə səsləndiriblər. Məhz mən bu adı “Sanama” olaraq tanıtmağa çalışdım və bu istiqamətdə fəaliyyətim davam edir. Bu cəhətdən Mehriban Xəlilzadənin də rolunu qeyd etmək istərdim. O, müxtəlif tikmə növlərimizin həm bərpası, həm təbliği, həm də inkişaf etdirilməsi ilə məşğul olur. Onlardan biri də “sanama”dır. Ümumiyyətlə, əvvəllər bu sahə ilə məşğul olan xanımlara rast gəlmirdim. İndi ətrafımda çox az sayda bu sənətlə məşğul olan xanımlar var. Hamısı da məndən sonra başlayıblar. Öyrənmək üçün də müraciət edirlər, suallarını verirlər. Əlimdən gələn köməyi əsirgəmirəm”.
Müsahibimiz deyir ki, bu tikmə növü səbir tələb edən sənətdir: “Səbir və əmək tələb edir. Mən deyərdim ki, bütün sənətlər səbir və əmək tələb edir. Mənə bir panonu hazırlamaq üçün bir həftə vaxt lazım olur. Ancaq vaxtım olsa, iki günə də bitirə bilərəm”.
Sonaxanım onu da bildirdi ki, ötən il Bakı şəhərində “Sanama collection”ın təşkilatçılığı ilə “Zərif toxunuş” adlı əl işləri sərgisi də keçirilib. Sərginin keçirilməsində məqsəd evdə əl işləri ilə məşğul olan xanımları bir addım irəli çıxarmaq və unudulmuş sənət növlərimizi yenidən canlandırmaq idi. Bundan sonra əl işlərindən ibarət sərgilər davamlı olacaq.
Qeyd edək ki, Sonaxanım Əzizova 1992-ci ildə Lənkəran şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıb.
Şərhlər bağlıdır.