Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov və universitetin professor-müəllim heyəti iştirak edib.
Rektor Ədalət Muradov UNEC-in fəaliyyət istiqamətlərində regional ali məktəblərlə əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edib. UNEC-in Lənkəran Dövlət Universiteti (LDU) və Gəncə Dövlət Universiteti (GDU) ilə əməkdaşlıq etdiyini deyən rektor, LDU ilə ikili diplom proqramı barədə razılaşma əldə olunduğunu vurğulayıb. O, UNEC-in regional universitetlərlə əməkdaşlıqda dünya praktikasında qəbul olunan yeni yanaşma ilə çıxış etdiyini, ikili diplom proqramının bu əməkdaşlığın əsas hədəfi olduğunu bildirib. Rektor bunun üçün keyfiyyət tələblərinin mövcudluğunu və bu tələblərə cavab verən tələbələrin UNEC-in diplomunu da əldə edə biləcəyini deyib. UNEC ilə MDU arasında əməkdaşlığın uğurlu olacağını söyləyən professor Ədalət Muradov, bu ali təhsil müəssisəsinin ölkənin təhsil sistemində və regional universitetlər arasında qısa müddətdə qabaqcıl universitetə çevriləcəyindən əminliyini ifadə edib.
Rektor Şahin Bayramov əsas hədəfin Mingəçevir Dövlət Universitetini paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevirmək olduğunu bildirib. Bu gün dünya universitetlərinin missiyasının dəyişdiyini, universitetlərin yalnız tədris, elmi fəaliyyət və kadr hazırlığı ilə məhdudlaşmadığını deyən rektor, MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi potensialının gücləndirilməsi və inkişafında yaxından iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.
Şahin Bayramov MDU-da kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiqi sahəsində islahatlar aparıldığını deyib. Dünya səviyyəli universitet olmaq yolunda sürətlə irəliləyən UNEC-lə əməkdaşlığın MDU üçün mühüm fayda verəcəyinə əminliyini bildirən Şahin Bayramov regional tərəfdaş kimi bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.
Sonra rektorlar əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, universitetlər arasında tələbə-müəllim mübadiləsi, MDU-nun müəllimlərinin UNEC-in qış məktəbində iştirakı, MDU-nun tələbələrinin bir semestrlik UNEC-də təhsil alması, birgə elmi-tədqiqatlar aparılması və digər məsələlər nəzərdə tutulur.
Şərhlər bağlıdır.