Ukrayna Yeni Hücum Planları Hazırlayır – Trampa Məlumat Verildi
ABŞ lideri Ukraynanın mümkün əməliyyatlarını izləyir, Rusiyanın durumu və Kiyevin potensial hədəfləri müzakirə olunur
ABŞ Prezidenti Donald Tramp Ukraynanın yaxın gələcəkdə həyata keçirə biləcəyi yeni hərbi əməliyyatlar barədə məlumatlandırılıb. Bu barədə məlumatı “The Wall Street Journal” qəzetinə iki anonim mənbə verib.
Qəzetin məlumatına görə, Trampa döyüş zonasında vəziyyət və Rusiyanın son illərdə əldə etdiyi məhdud irəliləyişlər izah edilib. ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog və BMT-dəki daimi nümayəndəsi Maykl Uolts Ukraynanın mümkün hücum planları ilə bağlı Trampı məlumatlandırıblar.
Tramp 23 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdükdən sonra mövqeyini sərtləşdirib. O, bildirib ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə ərazi bütövlüyünü bərpa edə və daha irəli gedə bilər. Tramp Rusiyanı “kağız pələngi” adlandıraraq, Moskvanın iqtisadiyyatının zəiflədiyini vurğulayıb: “İndi Ukraynanın hərəkət etməsi üçün ən doğru zamandır.”
Qəzet qeyd edir ki, Tramp ritorikasını kəskinləşdirsə də, siyasətində fundamental dəyişiklik olmayıb. ABŞ lideri Kiyevə silah satışını təsdiqləyib, lakin bu silahların Rusiya ərazisinə qarşı istifadəsini məhdudlaşdırıb. Belə ki, Kiyevin əlinə 300 km məsafədə hədəfi vura bilən ATACMS raketləri keçsə də, onların Rusiyaya qarşı istifadəsi yasaqlanıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə ümidini bildirib ki, Tramp əvvəlki mövqeyinə qayıdacaq və Ukraynanın məğlubiyyətini və ərazi güzəştlərinə razılaşmasını yenidən bəyan edəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.