Ukrayna müharibəsi: 2 milyon insan itirdi, sülh sazişi “son mərhələdə”
Danışıqlar Donbasın gələcəyi və Zaporojye AES-in taleyindən asılıdır; sülh razılaşmasının imzalanması yaxın gələcəkdə mümkündür.
Ukrayna müharibəsinə son qoyacaq sülh sazişi “çox yaxın”dır və proses əsasən iki əsas məsələnin həllindən asılıdır: Donbasın gələcək statusu və Rusiya nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının taleyi.
Bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ronald Reyqan Müdafiə Forumunda çıxışı zamanı bildirib.
Kelloqun sözlərinə görə, danışıqlar “son 10 metrə” daxil olub və hazırda ən çətin mərhələ yaşanır. O qeyd edib ki, Donbasla bağlı yekun qərar və Zaporojye AES-in yenidən işə salınması üçün şərtlər razılaşdırılarsa, sülh sazişinin digər bəndləri üzrə ciddi maneə qalmayacaq.
ABŞ rəsmisi vurğulayıb ki, 2022-ci ilin fevralından bəri davam edən müharibə Avropanın II Dünya müharibəsindən sonra yaşadığı ən genişmiqyaslı və qanlı qarşıdurmadır. Onun sözlərinə görə, döyüşlər nəticəsində iki milyondan çox insan həlak olub və yaralanıb.
Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 19,2%-nə nəzarət edir. Krım, Luqanskın tamamı, Donetskin böyük hissəsi, həmçinin Xerson və Zaporojye vilayətlərinin geniş əraziləri Moskvanın nəzarətindədir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.