Cəmiyyət

Üçüncü qrup əlilliklə 55 manat alan lal-karlar ailələrinin dolandıra bilmirlər

“Respublikada surdo-tərcüməçi hazırlayan tədris müəssisəsi yoxdur”

3 dekabr Beynəlxalq Əlilər günü ərəfəsində dil və eşitmə qüsuru olan əillərlə görüşüb,  onların problemləri ilə yaxından tanış olduq. Onlarla ünsiyyət qurmaqda bizə  Mingəçevir şəhər Rayonlararası Lallar-Karlar Cəmiyyətinin sədri Elman Abbasov kömək etdi.

Elman müəllim qeyd etdi ki, Mingəçevirdə hazırda 291 nəfər lal-kar qeydiyyatdadır: “Lal-karlar 3 qrup əlil sayılırlar, çünki onlar fiziki qüvvəyə malik olduqları üçün işləyə bilirlər. Amma bu lalların arasında 1 və 2 ci qrup əlillər də var.  3 qrup alan əlillərin  vəziyyəti çox acınacaqlıdır. Onlar  55 manat pensiya alırlar. Bu pensiya ilə həmin ailələr çox çətin vəziyyətdə dolanırlar. Yeri gəlmişkən, onların yaxşı əl qabiliyyəti var. Onlar bilirlər ki, bu vəziyyətdə heç bir yerə işə götürülməyəcək, ona görə də sənət öyrənməyi üstün tuturlar. Belə bacarıqlı insanları sənətkarların (dərzi, pinəçi) yanına şagird kimi işə düzəldirik ki, heç olmasa evlərinə gündəlik çörək pulu apara bilsinlər”.

Mehdi Məmmədov və Nurlan Abbasov belələrindəndir. Mehdi Mingəçevirdə 40 ildən artıq pinəçilik edən Nazim ustanın yanında çalışır.

Mehdinin sirli dünyası ilə yaxından tanış olmaq üçün onunla da həmsöhbət olduq. O, əl hərəkətləri və digər festləri ilə bizimlə çox asasnlıqla ünsiyyət qurmağa çalışdı. Elman müəllim onun dediklərini sözbəsöz  anlatdı. Öyrəndik ki, Mehdi alın təri ilə qazanmğı hər şeydən üstün tutur:  “Atam –anam olsa da, evlənəndən sonra onlara yük olmaq istəmədim. Çalışdım ki, ailəmi özüm dolandırım. İndi 3 oğlum var. Onlardan biri zabitlik məktəbində oxuyur. Amma digər iki oğlum da oxumaq istəyir. Mən onlara deyirəm ki, pul yoxdur, sizi oxuda bilmərəm. Ayda 55 manat pensiya alıram. Çox azdır pensiyamız, biz bu pulla dolana bilmirik, evimizi qışda isidə bilmirik. Qaz pulunu ödəyə bilmirəm. Evdə soyuqdan donuruq. Biz istəyirik ki, pensiyamız artırılsın. Boş bekar dayana bilmərəm.  3 övladı böyütməliyəm. Əlil olsam da,  əllərim, ayaqlarım var. Burda pinəçilik edirəm,  heç olmasa evə gündəlik çörəkpulu apara bilirəm. Heç kimə möhtac deyləm. Amma indi bu pinəçilikdə də o qədər qazanc yoxdur. Bizdə lal  kişilərin əksəriyyəti işləmir. Bizim əsəblərimiz çox gərgin olur. Bu gün də aldığımız 55 manatla bazara da gedə bilmirik. Ərzaqların qiyməti qalxıb. Dolanışığımız  çox acınacaqlıdır. Dekabırın 3-ü əlillər günüdür. Biz də ümidimizi ona bağlamışıq ki, bəlkə bizə nə isə kömək edələr”.

Elman müəllim onların əksəriyyətinin müxtəlif sahələr üzrə usta olduqlarını vurğuladı: “Lakin onlar iş yeri tapmaqda çətinlik çəkirlər. Mən onların problemlərini lazımı qurumlara catdırıram”.

Elman Abbasovun dediyinə görə, bu cəmiyyət 1973-cü ildən fəaliyyət göstərir: “Çox təəssüflə qeyd edim ki, bu zümrədən olan insanların sayı artmaqda davam edir. 2012 ci ildə üzvülərimizin sayı 227 nəfər idisə, bu gün 291 nəfərdir. Hazırda lal ailələrinin lal qızları təhsildən kənarda qalıb.Vaxtında ailə bununla bağlı cəmiyyətə müraciət etməyib və sonda da vəziyyət gərginləşib. Eşitməsi zəif uşaqlar üçün əyani vəsaitlər də qıtdır. Özəl kanalların heç biri fiziki cəhətdən qüsurlu insanların ehtiyacını nəzərə almır. Azərbaycanda fəaliyyət göstərən telekanallar surdo-tərcüməçilərə ehtiyac görmürlər. Qüsurlu uşaqların müəllim sarıdan da bəxti gətirməyib. Əvvəllər belə müəllimlər Moskva və Sankt-Peterburqda  hazırlanırdı. Artıq ADPU-da bu ixtisaslar üzrə kadrların hazırlanmasına başlanıb. Ancaq bu fakültəni bitirənlər də sonradan ixtisaslarını dəyişib, başqa peşəyə yiyələnirlər. Azərbaycan Dövlət Pedoqoji Universitetinin “İbtidai təhsilin pedoqogikası və psixologiyası” fakültəsində surdo-tərcümə fənni tədris olunsa da, mütəxəssis hazırlığı aparılmır. Bu, o deməkdir ki, respublikada surdo-tərcüməçi hazırlayan tədris müəssisəsi yoxdur”.

Daha çox

Oxşar yazılar

Close