Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Üç böyük universitetdə qəbul azalır – Səbəbi nazir açıqladı

Qəbulun azaldılması təhsildə keyfiyyətin yüksəldilməsi və əmək bazarına uyğunlaşma məqsədi daşıyır.

38

Gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində qəbul planının iki dəfə azaldılması nəzərdə tutulur. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev parlament komitələrinin birgə iclasında bildirib. Nazir vurğulayıb ki, məqsəd ali təhsildə keyfiyyəti artırmaqdır.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, qəbulun azaldılması ali təhsil sistemində struktur dəyişikliyinin başlandığını göstərir. Onun sözlərinə görə, bu qərar həm tədrisin keyfiyyətinin yüksəldilməsi, həm də əmək bazarına uyğun kadr hazırlığının təmin olunması baxımından vacibdir.

Deputata görə, bəzi sahələrdə tələbə sayı əmək bazarının ehtiyaclarını üstələyir, mühəndislik və texnologiya kimi sahələrdə isə kadr çatışmazlığı yaranır. Qəbul planının optimallaşdırılması bu uyğunsuzluğu aradan qaldırmağa yönəlib.

Mirzəbəyli həmçinin regional balans məsələsini vurğulayıb: paytaxt universitetlərinə kütləvi axın bölgələrdəki təhsil müəssisələrinin rolunu zəiflədir. Onun fikrincə, plan yerlərinin bir hissəsinin regionlara yönləndirilməsi həm sosial, həm də iqtisadi baxımdan daha səmərəli olardı.

Deputat bildirib ki, azalma tədricən aparılmalı, universitetlərin maliyyə sabitliyi, akademik heyətin uyğunlaşdırılması və tələbələr üçün alternativ imkanlar əvvəlcədən nəzərə alınmalıdır. Məqsəd təhsili kəmiyyət üzrə deyil, keyfiyyət üzrə ölçməkdir.

Sonda Mirzəbəyli qeyd edib ki, qəbulun azaldılması insan kapitalı strategiyasının mühüm elementidir və düzgün icra ediləcəyi halda ali təhsil sisteminin güclənməsinə, tədqiqat potensialının artmasına və ölkənin inkişafına ciddi töhfə verə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.