2022-ci ilin 9 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Süni intellekt bu gün və sabah” mövzusunda elmi-praktiki seminar keçirilib. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Cemal Yılmaz tərəfindən keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Seminara MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev moderatorluq edib.
Seminarda universitetin elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov giriş sözü ilə çıxış edib. Müasir dövrdə süni intellektin həyatımızın bütün sahələrində geniş tətbiq edildiyini və cəmiyyətin innovativ inkişafında mühüm rol oynadığını diqqətə çatdıran professor V.Əyyubov seminarın mövzusunun aktuallığını vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.
Sonra, seminarın proqramına uyğun olaraq, professor C.Yılmazın məruzəsi dinlənilib. Son dövrdə MDU-da süni intellekt sahəsində tədqiqatlara marağın artdığını qeyd edən C.Yılmaz bu mövzuda universitet əməkdaşlarının məqalə və tezislərinin bir sıra konfranslarda təqdim edilməsini və elmi jurnallarda dərc olunmasını müsbət qiymətləndirib.
Süni intellektin müasir dünyadakı rolundan söz açan professor onun üstünlüklərindən, cəmiyyət həyatının bir çox sahələrində mürəkkəb məsələləri effektiv həll etmək imkanlarından bəhs edib. Süni intellektin tətbiqinin insanların həyatını asanlaşdırmağa xidmət etdiyini bildirən C.Yılmaz bununla bağlı bir sıra praktiki nümunələr təqdim edib.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, professor C.Yılmaz Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində cari tədris ilində MDU-nun Mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Şərhlər bağlıdır.