“Türk Hava Yolları” İrəvana uçuşlara hazırlaşır
İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti addım
“Türk Hava Yolları” yaxın vaxtlarda Ermənistana birbaşa uçuşlara başlayacaq. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan məlumat verib.
Onun sözlərinə görə, şirkətin Ermənistan bazarına daxil olması uzun illər müzakirə mövzusu olub, lakin siyasi səbəblərə görə həyata keçirilməyib. Xandanyan bildirib ki, xüsusi nümayəndələrin son görüşlərindən sonra hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi qərara alınıb və artıq THY-nin İrəvana reysləri elan edilib.
Dəqiq tarix hələ açıqlanmayıb. Hazırda lisenziyalaşdırma və digər texniki məsələlər üzərində iş aparılır. Lakin deputat hesab edir ki, bu proses yaxın vaxtlarda yekunlaşacaq.
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında 1991-ci ildən diplomatik münasibətlər mövcud deyil, sərhəd isə 1993-cü ildən bağlıdır. Bununla belə, 2021-ci ildən etibarən tərəflər münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr vasitəsilə mütəmadi danışıqlar aparırlar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.