Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türk dünyası üçün tarixi hadisə

Türk Mədəniyyəti və İrsi Fondu YUNESKO-da möhtəşəm layihələr təqdim edəcək

7

4 noyabr 2025-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün mühüm bir hadisə baş tutacaq.
Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının zənginliyini və dərin köklərini əks etdirən unikal layihələri təqdim edəcək.

Təqdimat çərçivəsində iki böyük layihə diqqətə çatdırılacaq:

  • Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış–2040”“TURKTIME” strateji sənədlərinə əsasən hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” kataloqu;

  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlətləri rəhbərlərinin dəstəyi ilə nəşr edilən çoxcildli “Türk Folklor İrsi” antologiyası.

Bu layihələrin həyata keçirilməsi məqsədilə Fond Türk dünyasının tanınmış alim və mütəxəssislərini bir araya gətirib. Onların birgə səyi nəticəsində türk xalqlarının çoxəsrlik elmi və mədəni irsi sistemləşdirilib, tədqiq olunub və gələcək nəsillərə ötürülməsi üçün möhkəm zəmin yaradılıb.

Proqram çərçivəsində, həmçinin, YUNESKO-nun 43-cü sessiyasının qətnaməsi ilə təsdiqlənən Türk Dili Ailəsi Günü (World Turkic Language Family Day) münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanın YUNESKO yanında daimi nümayəndəliklərinin rəhbərləri, eləcə də diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Mərasim etno-folklor “Turan” ansamblının çıxışları ilə müşayiət olunub.
YUNESKO-nun qərarına əsasən, 15 dekabr hər il Türk Dili Ailəsi Günü kimi qeyd olunacaq.

Bu qərar türk xalqlarının dil və mədəni birliyinin beynəlxalq miqyasda tanınmasının növbəti göstəricisi olmaqla yanaşı, türk sivilizasiyasının dünya mədəniyyətinə və humanitar əməkdaşlığa verdiyi töhfəni də əks etdirəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.