Türk Dövlətləri QHT-ləri İlk dəfə Azərbaycanda Bir Araya Gəlir
Bakıda keçirilən forum çərçivəsində Türk dünyasının QHT-ləri strateji əməkdaşlıq, Zəngəzur dəhlizi və post-münaqişə bərpa işlərini müzakirə edəcək; tədbir Naxçıvanda Platforma yaradılması ilə davam edəcək.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə Azərbaycanın təşəbbüsü ilə bir araya gəlir.
Təşkilata sədrlik növbəsi yeni mərhələ üçün Azərbaycana keçdikdən sonra belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu gün Bakıda, “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin QHT-lərinin həmrəylik forumunun rəsmi açılışı baş tutacaq.
Foruma Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən artıq vətəndaş cəmiyyəti nümayəndəsi qatılacaq. Bu göstərici, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin indiyədək təşkil etdiyi tədbirlər arasında ən geniş tərkibli iştirakçı sayıdır.
Artıq bütün nümayəndə heyətləri Bakıya gəlib. Dünən onlar Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Türk şəhidliyini və Zəfər parkını ziyarət edib, Heydər Əliyev Mərkəzini də gəziblər.
Forum çərçivəsində iki panel müzakirəsi keçiriləcək. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” mövzusunda keçiriləcək ilk paneldə Zəngəzur dəhlizinin açılması ilə ortaya çıxacaq yeni reallıqlar və Türk dünyası QHT-lərinin bu istiqamətdə rolu geniş şəkildə müzakirə olunacaq.
İkinci paneldə isə “Azərbaycan–Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” keçiriləcək. Xatırladaq ki, son illərdə Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan və Özbəkistan-Azərbaycan QHT forumları təşkil olunub. Bu ənənənin davamı olaraq, növbəti mərhələdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanla da belə tədbirlərin keçirilməsi planlaşdırılır.
“Gülüstan” sarayındakı geniş müzakirələr bu gün bədii-mədəni proqramla yekunlaşacaq.
Sabah forum öz işini Naxçıvan şəhərində davam etdirəcək. Türk Dövlətləri Təşkilatının tarixi üçün mühüm simvol olan Naxçıvanda təşkilata üzv ölkələrin QHT Platformasının yaradılması gözlənilir. Bu platformaya hazırkı sədr ölkə kimi Azərbaycan rəhbərlik edəcək və 8 ölkədən QHT-ləri birləşdirəcək.
Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın 115 ölkəsini təmsil edən QHT-lərin iştirakı ilə Qlobal Cənub QHT Platforması təsis olunub. Eyni zamanda D8 ölkələrinin QHT-lərinin ilk toplantısı da Azərbaycanda keçirilib. Xankəndidə isə 2025-ci il oktyabrın 20-də keçirilən forumda vurğulanıb ki, son iki ildə Azərbaycan QHT-lərinin əsas uğuru beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi olub. Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılacaq Platforma da bu istiqamətin mühüm mərhələsidir.
Naxçıvanda sabah keçiriləcək “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı paneldə isə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin post-münaqişə bölgələri üçün nümunəvi modeli müzakirə ediləcək. Eyni zamanda Türk dünyası QHT-ləri 2026-cı ildə Bakıda təşkil olunacaq 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət ediləcək.
26 noyabr 2025-ci ildə forum iştirakçıları Naxçıvanın bir sıra tarixi və mühüm obyektlərini ziyarət edəcəklər. Tədbirin yekunu isə birgə bəyanatın qəbul edilməsi ilə tamamlanacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.