Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Trampın açıqlamaları NATO ölkələrində narazılıq yaratdı

ABŞ prezidentinin Əfqanıstan missiyası ilə bağlı fikirləri müttəfiqlərin sərt tənqidinə səbəb oldu

62

ABŞ Prezidenti Donald Trampın NATO-nun Əfqanıstandakı fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər alyans üzvü olan ölkələrdə ciddi narazılıq yaradıb. Onun “Fox News” kanalına müsahibəsində NATO hərbçilərinin əsas döyüş xəttindən kənarda qaldığını deməsi müttəfiq ölkələrin hərbi töhfəsinin kiçildilməsi kimi dəyərləndirilib.

Bu açıqlamalara ilk sərt reaksiyalardan biri Danimarkadan gəlib. Ölkənin Baş naziri Mette Frederiksen bildirib ki, siyasi qərarlar əsasında həyatını riskə atan, ABŞ ordusu ilə birlikdə döyüşən əsgərlərin fədakarlığını şübhə altına almaq yolverilməzdir. O xatırladıb ki, Əfqanıstandakı 20 illik əməliyyatlar zamanı Danimarka 44, Norveç isə 10 hərbçisini itirib.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen isə qeyd edib ki, ölkəsi minlərlə gənc və cəsur əsgərini birbaşa döyüş bölgələrinə, xüsusilə də ən ağır qarşıdurmaların yaşandığı Helmand vilayətinə göndərib.

Böyük Britaniyada da Trampın açıqlamaları narazılıqla qarşılanıb. Baş nazir Kir Starmer bu fikirləri hörmətsizlik kimi qiymətləndirərək ABŞ prezidentini üzr istəməyə çağırıb. Norveçin müdafiə naziri Tore O. Sandvik də həlak olan hərbçilərin, veteranların və onların ailələrinin ehtirama layiq olduğunu vurğulayıb və NATO qüvvələrinin Əfqanıstandakı əməliyyatlara verdiyi töhfənin danılmaz olduğunu bildirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.