Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tehran-Pekin əməkdaşlığı: Çinin narahatlığı və strateji addımlar

Çin İsrailin İranda fəaliyyəti və mümkün qeyri-sabitlik fonunda İranla texniki dəstək və enerji-ticarət əməkdaşlığını gücləndirir

104

“Modern Diplomacy” nəşrinin təhlilinə görə, Çin İsrail kəşfiyyatının – “Mossad”ın İranda həyata keçirdiyi əməliyyatları diqqətlə izləyir və bu fəaliyyətlərin effektivliyindən ciddi şəkildə narahatdır. Pekin hesab edir ki, İsrailin İran daxilində artan təsir imkanları yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda Çinin regional iqtisadi planlarına da risk yaradır.

Çin üçün İran “Bir kəmər, bir yol” layihəsində mühüm tranzit ölkələrdən biri sayılır. Bu baxımdan, ölkədə baş verə biləcək siyasi qeyri-sabitlik Pekinin əsas logistika və tədarük marşrutlarının təhlükəsizliyini sual altına qoya bilər. Məhz bu səbəbdən Tehranın Çindən müəyyən texniki və texnoloji dəstək istədiyi barədə məlumatlar yayılır.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninqin açıqlamasına görə, Pekin İranın qarşılaşdığı çətinlikləri daxili imkanları ilə aradan qaldırmasını dəstəkləyir və üçüncü ölkələrin başqa dövlətlərin daxili işlərinə müdaxiləsini yolverilməz sayır.

Mənbələrin bildirdiyinə görə, bir sıra Çin şirkətləri İran üçün məsafədən nəzarət və kəşfiyyat texnologiyalarının hazırlanması prosesinə cəlb olunub. Eyni zamanda, İranın ABŞ-a məxsus GPS sistemindən imtina edərək Çinin “BeiDou” peyk naviqasiya şəbəkəsinə keçidi nəzərdən keçirdiyi qeyd olunur.

Mütəxəssislər vurğulayırlar ki, İranda mümkün siyasi dəyişikliklər təkcə Tehran üçün deyil, həm də bu ölkə ilə enerji və ticarət sahələrində sıx əməkdaşlıq edən tərəfdaşlar, o cümlədən Çin üçün ciddi nəticələr doğura bilər. Bu kontekstdə Pekinin ABŞ və İsrailin regiondakı təsirini balanslaşdırmağa yönəlmiş daha genişmiqyaslı strategiya həyata keçirdiyi irəli sürülür.

Qərb və İsrail xüsusi xidmət orqanlarının İranda aktivliyi ilə bağlı iddialar yalnız Tehranın müttəfiqləri tərəfindən deyil, ölkə daxilində də müzakirə olunur. Analitiklər isə Yaxın Şərqdə Çinlə Qərb arasında siyasi və iqtisadi maraqların toqquşmasının regional güc balansını mərhələli şəkildə dəyişdirdiyini bildirirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.