Azərbaycan, 03 noyabr 2020-ci il
Danılmaz həqiqətdir ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan bütün vasitələrdən istifadə olunmasına çalışıb. Belə ki, erməni tərəfinin davamlı qeyri-konstruktiv mövqe göstərməsinə baxmayaraq, Azərbaycan daim diplomatik həll variantına üstünlük verib və danışıqlar prosesində fəal iştirak edib. Hərbi potensialının Ermənistanla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmasına baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə, ümumbəşəri dəyərlərə sadiqliyini göstərib, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu öz konstruktiv mövqeyi ilə təsdiq edib.
Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, eləcə də BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair qəbul edilən sənədlərin icra olunmaması münaqişənin sülh yolu ilə nizamlanmasına imkan verməyib.
Bu dövr ərzində münaqişənin həlli məqsədilə keçirilən danışıqlarda erməni tərəfi hər dəfə texniki məsələləri və danışıqların formatının dəyişdirilməsini qəsdən gündəmə gətirməklə, eyni zamanda, cəbhəboyu ərazilərdə və hətta Azərbaycan – Ermənistan dövlət sərhədi istiqamətində davamlı təxribatlar törətməklə danışıqlar prosesinə xələl gətirməyə, problemin həllindən diqqəti yayındırmağa, beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadan işğala və təcavüzə əsaslanan status-kvonu qorumağa çalışıb. Zəbt olunmuş tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma aparmaqla, tarixi, dini və mədəni abidələri talan etməklə, qədim yaşayış yerlərinin adlarını dəyişdirərək tarixi saxtalaşdırmaqla, iqtisadi və təbii resursları qanunsuz mənimsəməklə, böyük həcmdə hərbi texnika və qoşun cəmləşdirməklə və digər kriminal fəaliyyətlər həyata keçirməklə işğalçı dövlət faktiki olaraq danışıqları imitasiya etdiyini və yeni ərazi iddialarında olduğunu nümayiş etdirib.
Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, açıq təcavüzkar siyasətinə görə adekvat beynəlxalq təzyiqin göstərilməməsi və heç bir sanksiyanın tətbiq edilməməsi işğalçı dövləti beynəlxalq hüquq normalarına hörmətsizliyi davam etdirməyə bir qədər də “cəsarətləndirmiş”dir. Belə ki, kriminal xunta rejiminin “andiçmə” mərasiminin Şuşada keçirilməsi, qondarma parlamentin bu qədim şəhərimizə köçürülməsinə qərar verilməsi və münaqişənin həllinin baza prinsiplərinə zidd olaraq “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanat səsləndirilməsi işğalçı dövlətin törətdiyi aşkar terrorçuluq fəaliyyətlərinə, qanlı əməllərə və soyqırımı cinayətlərlərinə görə cəzasızlıq səbəbindən azğınlaşmasından irəli gəlib.
Cari ilin iyul ayında Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində işğalçı dövlət tərəfindən törədilən növbəti təxribat əməlləri yuxarıda qeyd olunan mənfur siyasəti bir daha açıq şəkildə göstərdi. Cəbhə zonasından xeyli uzaqda yerləşən və çoxsaylı strateji enerji və nəqliyyat xətlərinin keçdiyi Tovuz rayonunun hədəfə alınması düşmənin yeni münaqişə ocaqları yaratmaq və mövcud vəziyyəti daha da kəskinləşdirmək niyyətindən xəbər verir.
İyul döyüşlərində Azərbaycan Ordusu tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində xeyli sayda itkilərə məruz qalan düşmənin cari ilin avqust ayında mülki əhaliyə qarşı terror aktları törətmək məqsədilə ölkəmizə diversiya qrupu göndərməsi işğalçı dövlətin təcavüzkar və terrorçuluq siyasətindən heç zaman əl çəkməyəcəyini bir daha təsdiq etdi.
BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın yeni ərazilər uğrunda müharibəyə hazırlaşdığını bildirməsi və beynəlxalq ictimaiyyətin onları hərbi təcavüzdən çəkindirməyə çağırması faktiki olaraq daha genişmiqyaslı növbəti erməni təxribatının proqnozu kimi qiymətləndirilə bilər. Hadisələrin sonrakı gedişatı dövlət başçısının proqnozlarını bir daha doğrultdu.
Cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tutması ermənilərin terrorçu, faşist və işğalçı xislətinin daha da dəhşətli olmasını ortaya qoydu. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğalçı erməni silahlı qüvvələrinin döyüş fəallığını azaltmaq məqsədilə həyata keçirdiyi sülhə məcburetmə əməliyyatları qısa müddət ərzində möhtəşəm uğurlar əldə olunmasına imkan verdi.
Qürurverici haldır ki, Ali Baş Komandanımızın qətiyyəti sayəsində xalqımız həsrətində olduğu qələbə sevincini yaşadı. Dövlət başçısı cənab İlham Əliyevin hər birimizin həyat amalına çevrilmiş “Qarabağ Azərbaycandır!” şüarı öz təsdiqini tapmış oldu. Bu gün üçrəngli bayrağımızın Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Suqovuşanda, Xudafərində və işğaldan azad olunmuş digər yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb. 27 sentyabr – 30 oktyabr tarixləri ərzində şanlı Ordumuz tərəfindən 4 şəhər, 3 qəsəbə və 185 kənd erməni işğalından azad olunub.
Hazırda Azərbaycan əsgərinin şücaəti sayəsində 27 illik həsrətə son qoyulur, tarixi ədalət bərpa olunur və nəhayət, işğala və təcavüzə əsaslanan status-kvo dəyişdirilir.
Təəssüf doğuran odur ki, döyüş meydanında Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında aciz qalan və böyük itkilər verərək geri çəkilməyə məcbur olan mənfur düşmən beynəlxalq konvensiyalarda təsbit olunmuş müharibə qaydalarını kobud şəkildə pozur. Belə ki, mülki əhalimizin yaşadığı məntəqələri atəşə tutan xain düşmən cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Qəbələ, Kürdəmir və digər şəhərlərə də çoxsaylı raket zərbələri endirib. Erməni vandallığını bir daha nümayiş etdirən Gəncə, Bərdə və Tərtərdəki terror aktları və qadağan olunmuş silahlardan istifadə ilə törədilən müharibə cinayətləri Xocalı qətliamının davamı olmaqla 91 mülki şəxsin, o cümlədən uşaqların və qadınların həyatına son qoydu. Lakin Azərbaycan xalqının qələbə əzmini azaltmağa və ölkəmizdə sabitliyi pozmağa yönələn düşmənin bu cəhdləri uğursuzluğa düçar oldu.
Moskva, Paris, Vaşinqton və Cenevrədə razılaşdırılmış humanitar atəşkəsi kobudcasına pozan xain düşmənin heç bir əxlaq normalarına uyğun gəlməyən qanlı əməlləri sayəsində dünyasını dəyişən vətəndaşlarımızın qisasının qəhrəman əsgərlərimiz tərəfindən döyüş meydanında layiqli şəkildə alınması xüsusi qeyd olunmalıdır. Azərbaycan əsgərinin sarsıdıcı əks-hücum həmləsindən təlaşa düşən düşmən tarixi torpaqlarımızdan qorxaqcasına qaçır.
Bu günlərdə Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazır. 30 ilə yaxın müddətdə işğal altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi ilə mövcud status-kvo dəyişdirilir, regionda sülh və təhlükəsizliyin bərqərar olmasında ölkəmizin qüdrətini göstərən və milli maraqlarımızı tam təmin edən yeni strateji mənzərə formalaşır.
Ədalətə söykənən və haqq mübarizəsinə əsaslanan Xalq-Dövlət-Ordu birliyi mənfur düşməni qorxuya salıb. Eyni zamanda “Bir millət, iki dövlət” düşüncəsindən güc alan Azərbaycan-Türkiyə həmrəyliyi hər birimizdə böyük qələbəyə əminlik hissi yaradıb. Bütün bunlar Azərbaycan bayrağının tezliklə Şuşada, Xankəndidə və işğalda olan digər tarixi torpaqlarımızda dalğalanacağına inamı artırır.
Hazırda hər bir Azərbaycan vətəndaşı apardığımız haqq savaşında fəal iştirak etməyə və Vətən müharibəsinə öz töhfəsini verməyə çalışır. Sevindirici haldır ki, döyüş meydanında əldə etdiyimiz qələbələr informasiya cəbhəsində qazandığımız uğurlarla müşahidə olunur və möhkəmlənir. Azərbaycan həqiqətlərinin, düşmən tərəfindən törədilən təcavüz aktlarının dünya ictimaiyyətinə çatdırılması işində vətəndaşlarımızın, kütləvi informasiya vasitələrimizin və dövlət qurumlarımızın göstərdiyi əzmkarlıq və həmrəylik qürurvericidir.
Ayrıca qeyd olunmalıdır ki, döyüş meydanında əsl sərkərdə şücaəti göstərən Ali Baş Komandanımız böyük qətiyyəti ilə erməni saxtakarlığına qarşı informasiya mübarizəsində də öncül mövqedə dayanır. Belə ki, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə gündəlik olaraq geniş müsahibələr verən dövlət başçısı dəqiq tarixi faktları, beynəlxalq hüquqi sənədlərin konkret müddəalarını və digər əsaslandırılmış arqumentləri səsləndirməklə informasiya cəbhəsindəki qələbəmizi də təmin edir. Məhz bu müsahibələr düşmən tərəfindən davamlı olaraq dünya mediasına ötürülən “fake news”ların uğursuzluğa düçar olmasına imkan verir.
Şübhə yoxdur ki, Azərbaycan xalqının böyük ruh yüksəkliyi şəraitində davam edən Vətən müharibəsində əldə edəcəyimiz şanlı qələbə müasir tariximizdə yeni səhifələrin açılmasını şərtləndirmiş olacaqdır. Bu baxımdan, sevincini yaşadığımız parlaq qələbələrin memarı möhtərəm Prezidentimizin aşağıdakı fikirləri Azərbaycanın haqlı mövqeyini aydın ifadə edir: “Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz”.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru
Şərhlər bağlıdır.