Tam ştatlı müəllim modeli: Dərsdən sonra müəllimləri nə gözləyir?
Yeni sistem iş yükünü, fəaliyyət saatlarını və məktəbdaxili prosesi necə dəyişəcək?
Son günlər təhsil sahəsində geniş müzakirə olunan məsələlərdən biri müəllimlərin əməkhaqqının və iş saatlarının yeni model üzrə tənzimlənməsidir. “Tam ştatlı müəllim” konsepsiyası hələ yekunlaşdırılmasa da, elm və təhsil naziri Emin Əmrullayevin son açıqlamaları prosesin konturlarını daha da dəqiqləşdirib. Yeni yanaşmanın əsas məqsədi müəllimin məktəbdə gördüyü bütün pedaqoji fəaliyyəti vahid çərçivədə qiymətləndirmək və bu yükə uyğun təşkilati model yaratmaqdır.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə “Azərbaycan müəllimi”nə bildirib ki, müəllimin işi yalnız sinifdə dərs keçməkdən ibarət deyil. Onun sözlərinə görə, müəllimlərin əmək fəaliyyətinin saatlıq prinsiplə tənzimlənməsi həm yeni imkanlar, həm də yeni tələblər yaradır:
“Müəllimlər bir-birilərinin dərslərində iştirak etməli, təcrübə mübadiləsi genişlənməlidir. Bu, həm peşəkarlığın artırılmasına, həm də təlim prosesinin keyfiyyətinə müsbət təsir göstərir. İllərlə davam edən təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hər bir müəllimin dərsində özünəməxsus yanaşmalar var və onların paylaşılması çox dəyərlidir. Lakin bu, nöqsan axtarmaq üçün deyil, inkişaf məqsədilə edilməlidir”.
H. Əlizadə bildirir ki, fənn metodbirləşmələri həm elmi yenilikləri, həm də yeni pedaqoji tendensiyaları birlikdə müzakirə etməlidir. Müasir təlim sürətlə dəyişdiyi üçün bütün yenilikləri fərdi şəkildə izləmək mümkün deyil. Müxtəlif fənlərin müəllimlərinin bir araya gəlib problemləri müzakirə etməsi isə interdisiplinar yanaşmanı gücləndirir.
Professor eyni zamanda qeyd edir ki, müəllimlər onsuz da dərsdən sonra çoxlu könüllü fəaliyyət göstərirlər – olimpiada hazırlığı, tədbirlər, yarışlara hazırlıq və s. Lakin bu işlər iş saatına daxil olmadığı üçün pərakəndə olur: “Yeni model bu fəaliyyəti sistemli hala gətirəcək. Hazırda bəziləri çox işləyir, digərləri az. Nəticədə ümumi səmərəlilik çox yüksək olmur”.
Onun sözlərinə görə, yeni modeldə müəllimlərin həftəlik iş saatı 30–36 saat olacaq. Bunun 18–24 saatı dərslərə, qalan müddət isə tədrisdənkənar pedaqoji fəaliyyətə ayrılacaq. Lakin burada bir problem də ortaya çıxır — ikinövbəli məktəblərdə müəllimlərin dərsdən sonra işləməsi üçün şəraitin az olması. Bir çox məktəbdə müəllimlər otağı kifayət etmir.
Özəl məktəblərdə isə vəziyyət fərqlidir: iş şəraiti və infrastruktur imkan verir ki, müəllim dərsdən sonra da məktəbdə qalaraq müxtəlif fəaliyyətlərlə məşğul olsun. H. Əlizadə hesab edir ki, dövlət məktəblərində də bu istiqamətdə dəyişikliklər mərhələli şəkildə aparılmalıdır.
Nazirin çıxışında bildirildiyi kimi, tam ştatlı müəllimlərin iş şəraitinin yaxşılaşdırılması məktəb rəhbərliklərinin qarşısında duran əsas vəzifələrdən biridir.
Professor yekunda vurğulayır ki, təhsildə islahatların yeni mərhələsi başlayır: “İndiyə qədər əldə edilən uğurlar var, amma çatışmazlıqlar da mövcuddur. Hər bir məktəb işçisi bu mərhələdə öz fəaliyyətini təhlil edib dəyişikliklərə hazır olmalıdır”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.