Təhsil qanunvericiliyində əlavə təhsillə bağlı yeni dəyişikliklər hazırlanır
Qanun layihəsi əlavə təhsilin maliyyələşdirilməsi ilə bağlı mövcud ziddiyyətləri aradan qaldırmağı hədəfləyir
Azərbaycan təhsil sistemində əlavə təhsillə bağlı yeni yanaşma tətbiq ediləcək. Təklif olunan dəyişikliklərə əsasən, əlavə təhsil ümumi qaydada ödənişli olacaq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün isə bu sahədə mövcud hüquqi ziddiyyət aradan qaldırılacaq.
Bununla bağlı “Təhsil haqqında” Qanuna dəyişiklik layihəsi hazırlanıb və sənəd bu gün parlamentin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Qeyd olunur ki, hazırda qanunun 14.8-1-ci maddəsinə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər ödənişli əsaslarla təhsil aldıqları zaman onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Lakin Nazirlər Kabinetinin təsdiqlədiyi əlavə təhsillə bağlı qaydalara görə, yenidənhazırlanma, ikinci ali və orta ixtisas təhsili, ixtisasartırma, yaşlıların təhsili və oxşar proqramlar yalnız ödənişli əsaslarla həyata keçirilir və bu xərclər dövlət tərəfindən qarşılanmır.
Bu səbəbdən mövcud qanunvericilik aktları arasında uyğunsuzluq yaranıb. Təklif edilən dəyişikliklər həmin ziddiyyəti aradan qaldırmaq və hüquqi tənzimləməni dəqiqləşdirmək məqsədi daşıyır. Nəticədə əlavə təhsil sahəsində maliyyələşmə mexanizmi daha aydın və vahid formada müəyyən ediləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.