Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır
Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” rəhbəri dos. Asim Şəfayət oğlu Məmmədov ilə müsahibə:
Sual 1. “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” nə vaxtdan fəaliyyət göstərir və onun yaradılmasının qayəsi haqqında qısa məlumat verə bilərsiniz?
Cavab: “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 23.12.2021-ci il tarixli, 31 nömrəli qərarı və MDU-nun rektorunun 24.12.2021-ci il tarixli, 314 nömrəli əmri ilə yaradılmışdır. Mərkəz, MDU-da elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi məhsullarının dərc edilməsi, onların mübadiləsi və reallaşdırılması, innovativ xarakterli elmi fəaliyyətə, habelə təhsil, texnologiya, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi, bu sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi istiqamətlərində MDU-nun məqsəd və vəzifələrini həyata keçirən struktur bölmədir. Mərkəz bilavasitə Universitetin rektoruna tabedir və onun qarşısında hesabat verir.
Davamlı inkişaf və innovativ yeniliklərin tətbiqinə əsaslanan fəaliyyətlərin təşkil edilməsi ilə regionların sosial-iqtisadi inkişafına töhfə vermək mərkəzimizin vizyonunu təşkil edir.
Mərkəzin başlıca missiyası isə ölkəmizin müxtəlif regionlarında innovativ xarakterli elmi fəaliyyətin və əməkdaşlıq əlaqələrinin yaradılması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfə verəcək layihələrin həyata keçirilməsinin təşkil edilməsidir.
Dayanıqlı inkişaf və regional innovasiyalər tədqiqat mərkəzi faktiki olaraq öz fəaliyyətinə 2023-cü ilin oktyabr ayından etibarən başlamışdır.
Sual 2. Mingəçevir Dövlət Universitetində belə bir mərkəzin yaradılması ideyasının əsasında nə dayanır?
Cavab: Hər şeydən əvvəl onu qeyd edim ki, “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” dünyada, respublikamızda və MDU-da gedən inkişafın məntiniq nəticəsi olaraq yaradılmışdır. Hazırda ali təhsil sistemində belə mərkəzlərin fəaliyyəti son dərəcə aktualdır. Çünki yeni dövr elm və innovasiya dövrüdür. İnnovasiya isə dayanıqlı inkişafın əsas substansional keyfiyyətlərindən biridir. Təbii sərvətlərin sürətlə tükəndiyi bir dövrdə, ekoloji tarazlığın antropogen faktorların təsiri ilə bəşəriyyətin varlığı üçün təhlükəyə çevrildiyi bir əsrdə, bütün insan birliklərinin, xüsusilə ali təhsil müəssisələrinin üzərinə yaşadığımız dünyanı qorumaq və gələcək nəsillərin taleyini təhlükəyə atmamaq adına böyük məsuliyyət düşür. Bu isə öz növbəsində dayanıqlı inkişaf konsepsiyası ilə innovativ düşüncənin qlobal, milli və regional inkişaf yolunda birləşdirilməsini zəruri hala gətirir. Görkəmli filosofumuz Əbu Turxan (Səlahəddin Xəlilovun) fikirləri ilə sualımızın cavabını uzlaşdırsaq, o, qeyd edirdi: “Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır”.
Təsadüfi deyil ki, bu gün dünyanın artıq demək olar ki, əksər ölkələrində fəaliyyət göstərən ali təhsil müəssisələrində bu ideya ətrafında bir sıra mərkəzlər və şöbələr açılmış, dayanıqlı inkişaf məsələsi ali təhsil sisteminin başlıca məqsədlərindən birinə çevrilmişdir. İnnovasiyaya əsaslanan dayanıqlı inkişafın təşkili üçün ali təhsil müəssisələri artıq iqtisadiyyatın bütün sahələri sənaye, ticarət, kənd təsərrütadı və xidmət sektoru əvvəlki əsrlə müqayisə edilməyəcək səviyyədə əməkdaşlıq əlaqələri yaradır, bu sahənin aparıcı qüvvəsinə çevrilir.
Sual: 3. Dünyanın qabaqcıl ali təhsil müəssisələri dayanıqlı inkişaf sahəsində hansı addımları atırlar? Onların təcrübəsi yəqin, sizin üçün də maraq doğurur və Mərkəzin fəaliyyətinin təşkilində yararlanırsınız.
Cavab: Bəli, çox düzgün qeyd elədiniz ki, dünyanın qabaqcıl ali təhsil müəssisələri innovasiyaya əsaslanan dayanıqlı inkişaf məsələlərinə böyük önəm verirlər. Onların qabaqcıl təcrübəsi təkcə MDU üçün deyil, digər ali təhsil müəssisələri üçün də bir növ yol göstərir. Bunlardan bir neçəsinə nəzər salaq:
Yaşıl universitetlər hərəkatı: dünyanın bir sıra ali təhsil ocaqları artıq “yaşıl universitet” modelinə keçid edib. Məsələn:
– Harvard Universiteti – bərpa olunan enerji mənbələrindən istifadə edir.
– Oxford Universiteti – karbon neytrallığı məqsədi güdür.
– MIT: İqlim dəyişikliyi ilə mübarizə üçün elmi innovasiyalar və dayanıqlı enerji texnologiyaları hazırlayır.
– Lund Universiteti – tullantıların azaldılması və ekoloji cəhətdən təmiz binaların tikintisini həyata keçirir.
– Melburn Universiteti (Avstraliya): Sosial inklüzivlik və davamlı şəhərsalma layihələrini dəstəkləyir.
Bundan əlavə BMT-nin yaratdığı Dayanıqlı İnkişaf Şəbəkəsi (SDSN) universitetlər arasında əməkdaşlığı artıraraq, BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nin həyata keçirilməsinə dəstək verir.
Dayanıqlı inkişafdan bəhs edərkən, tələbələrin bu prosesdən kənarda qalmadığını, əksinə, fəal iştirak etdiklərini qeyd etmək yerinə düşərdi. Tələbə hərəkatları və klub fəaliyyətləri bütün ali təhsil müəssisələrində dayanıqlı inkişaf və ekoloji problemlərə qarşı mübarizədə ən fəal hissəni təşkil edir. Tələbələr ekoloji və sosial problemlərin həllinə yönəlmiş layihələrdə iştirak edərək dayanıqlı inkişaf prosesində aktiv rol oynayırlar.
Sual: 4. Mərkəziniz öz fəaliyyətində hansı normativ sənədlərə əsaslanır?
Cavab: Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin aktlarını, MDU-nun nizamnaməsini, həmçinin MDU rəhbərliyinin idarəetmə orqanlarının qərar və göstərişlərini, “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”nı, habelə özünün quruluş Əsasnaməsini rəhbər tutur. Mingəçevir Dövlət Universiteti İnkişaf Strategiyasının ayrı-ayrı maddələrini əsas tutaraq dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün bir sıra strategiyalardan istifadə edir. Bunlardan bir neçəsinə aşağıda yer verilmişdir.
– Dayanıqlı inkişafda lider rol oynamaq üçün həm universitet daxilində, həm də geniş ictimaiyyətdə mədəni səviyyənin yüksəlməsinə töhfə vermək;
– Dayanıqlı inkişaf sahəsində tədqiqatların və korparativ iştirakın artırılması;
– Davamlılığın universitetin idarəetmə və qərar qəbul etmə proseslərinə inteqrasiyasının təmin edilməsi;
– Davamlılıqla bağlı fəaliyyətlərdə ölçülə bilən hədəflərin müəyyən edilməsi;
– Dayanıqlı inkişafa universitetin bütün əməkdaşlarının və tələbələrin daxil edilməsi;
– Universitetin dayanıqlı inkişafına uyğun olaraq maliyyə resurslarından səmərəli istifadə edilməsi və prioritet məqsədlər üçün zəruri infrastruktur investisiyalarının həyata keçirilməsi;
– Dayanıqlı inkişafın ekoloji, sosial və iqtisadi aspektlərini birləşdirən effektiv və uzunmüddətli fəaliyyət planları həyata keçirməklə, onun təsirlərini korporativ davranış və siyasətə yerləşməsi;
– Dayanıqlı inkişaf fəaliyyətlərinin səmərəliliyinin monitorinqi və qiymətləndirilməsi üçün institusional infrastrukturun gücləndirilməsi.
Sual: 5. Asim müəllim, bir qədər də Mərkəzinizin fəaliyyət başladığı müddət ərzində həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verə bilərsiniz?
Cavab: Böyük məmnuniyyətlə, mərkəzin əsasnaməsinin 2-ci və 3-cü maddələrini əsas tutaraq hesabat dövründə aşağıdakı fəaliyyətləri həyata keçirmişdir:
Əvvəla, 08-09 dekabr 2023-cü il tarixlərində Mingəçevir Dövlət Universitetinin təşkil etdiyi “Dayanıqlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” beynəlxalq elmi konfransına xarici tədqiqatçıların cəlb edilməsi işində fəal iştirak etmişdir.
13.03.2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl könüllülər” dərnəyinin təsis edilməsində yer aldı.
28.03.2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi” (DİRİTM) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (Mərkəzi Aran RTİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və MDU-nun 2030 İnkişaf Strategiyasında yer alan “Universitetin cəmiyyətdə maarifləndirici və məsləhətçi mövqeyini gücləndirmək” hədəfinə uyğun olaraq orta məktəb şagirdləri ilə ətraf mühitin qorunması mövzusunda maarifləndirici görüşlərin keçirilməsinə start verilmiş və şəhərin bir sıra məkbətlərində belə görüşlər təşkil edilmişdir. Eyni zamanda orta məktəb şagirdlərinin Mingəçevir Dövlət Universitetinin laboratoriyaları ilə taşıq olması üçün ekskursiyalar təşkil edilmişdir.
Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf strategiyasında yer alana 7-ci bölmənin məqsəd və hədəfləri istiqamətində xarici əməkdaşlıq imkanlarını genişləndirmək üçün 01.04.2024-cü il tarixində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisində Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüşünü təşkil edilmiş, potensial əməkdaşlığa dair aparılan müzakirələrdən sonra növbəti mərhələdə atılacaq birgə addımlar barədə ilkin razılıq əldə edilmişdir.
17.04.2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə təşkil etdiyi “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq Elmi Konfrans keçirilmişdir.
14.06.2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” haqqında Sərəncamının və AMEA Rəyasət Heyətinin 09 yanvar 2024-cü il tarixli qərarının icrası ilə bağlı AMEA-nın Şəki Regional Elm Mərkəzi (ŞREM) və Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı, Şəki BioGarden Aqroekoloji Turizm Mərkəzinin dəstəyi ilə BioGardendə “Yaşıl Dünya, Təmiz Səma” mövzusunda dəyirmi masa keçirilmişdir.
Mərkəz, “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”nın qarşıya qoyduğu məqsədlərə uyğun olaraq ali təhsil müəssisəsinin beynəlmiləlləşmə səviyyəsinin davamlı inkişafına töhfə verəcək addımlar atmışdır. Bu istiqamətdə görülən işlər arasında 24-30 noyabr 2024-cü il tarixlərində MDU-nun Elmi işlər üzrə prorektoru prof. V.Əyyubov və Mərkəzin müdiri dos. A.Məmmədovdan ibarət nümayəndə heyətinin Türkiyəyə səfərini qeyd etmək mümkündür. Səfərin məqsədi qardaş ölkənin nüfuzlu ali təhsil müəssisələri arasında yer alan Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Düzce Universiteti və İstanbul Gedik Universiteti ilə işgüzar görüşlər keçirmək, qarşılıqlı əməkdaşlıq imkanlarını qiymətləndirmək, həmçinin ikili diplom proqramı məsələsini müzakirə etməkdi. MDU nümayəndə heyətinin səfəri çox yüksək səviyyədə baş tutdu və Düzce Universiteti ilə beynəlxalq ikili diplom proqramının reallaşdırılması da daxil olmaqla qarşılıq əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması və imzalanması üçün razılıq əldə edildi. Düzce Universitetinin rektoru prof. Nedim Sözbir 13-14 dekabr 2024-cü il tarixlərində Mingəçevir Dövlət Universitetində keçiriləcək “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyətlər: reallıqlar və çağırışlar” keçiriləcək konfransa dəvət edildi. Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyasının yer alan “Beynəlxalq ikili diplom proqramlarına sahib olmaq” Hədəf 7.4-ə uyğun olaraq 13 dekabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru v.m.i.e Üzeyir Zeynalov ilə Türkiyənin Düzce Dövlət Universitetinin rektoru Nedim Sözbir tərəfindən iki ali təhsil müəssisəsi arasında beynəlxalq ikili diplom proqramının da yer aldığı qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.
Sual 6. Cari ildə Mərkəzin fəaliyyət istiqamətləri haqqında bir qədər məlumat verə bilərsiniz?
Cavab: Mərkəz, Mingəçevir Dövlət Universiteti: 2030 İnkişaf Strategiyasına əsaslanaraq cari ildə bir sıra başlıca məqsədlər və bu məqsədlərə müvafiq fəaliyyət istiqamətləri müəyyən etmişdir. İnkişaf Strategiyasının “Beynəlmiləlləşmə Bloku”nda yer alan “Beynəlmiləlləşmə səviyyəsi davamlı artan universiteti çevrilmək” adlı 7-ci Məqsədə və Hədəf 7.1, Hədəf 7.2, Hədəf 7.3. və Hədəf 7.4-ə əsaslanaraq bu istiqamətdə aşağıdakı fəaliyyətləri həyata keçirir.
İlk növbədə onu qeyd etmək olar ki, Mərkəz üçün Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə bağlanmış əməkdaşlıq memorandumlarından irəli gələn məsələlərin həllində təşəbbüskarlıq göstərmək ilk sırada yer alır. Xüsusilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üçün müştərək komissiyanın təşkili və bu istəqamətdə komissiyanın mütəmadi iclaslarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu komissiyanın təşkil edilməsi və səmərəli fəaliyyəti nəticəsində 2026-2027-ci tədris ilində Düzce Universiteti ilə imzalanmış memoranduma əsaslanaraq beynəlxalq ikili diplom proqramının icrası mümkün ola biləcəkdir.
Hazırda, Türkiyənin Qazi Universiteti, Hacı Bayram Vəli Universiteti, Düzcə Universiteti ilə qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən, həmin ali təhsil müəssisələrinin alimlərinin “ustad dərsləri” keçirilir ki, məqsədimiz bunun ənənəvi hal alması, bütün tələbələrimizin bu imkandan istifadə etməsidir.
Düzce Universiteti ilə Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 17 aprel 2025-ci ildə Düzce Universitetinin evsahibliyində “I Beynəlxalq Enerji Forumu” öz işinə başlayacaq. Dünyanın müxtəlif ölkələrindən, həmçinin Türkiyənin tanınmış ali təhsil müəssisələrindən çox sayıda alimin dəvət olunduğu bu forumda Mingəçevir Dövlət Universiteti dörd alim ilə təmsil olunacaqdır.
Mərkəzin beynəlmiləlləşmə sahəsində görəcəyi işlər arasında SİP-in Hədəf 7.1.-“Potensial inkişafı və akademik mübadiləni dəstəkləyən beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq proqram və layihələrdə iştirakı artırmaq” maddəsini əsas alaraq, akademik heyətin mübadiləsi yer alır. Bu mübadilə prosesi, xüsusilə türk universitetlərinin Texnopark, Startap, Biznes-inkubasiya, Texnoloji-transfer, Texnofest kimi sahələrdə təcrübələrinin öyrənilməsi, onların böyük geniş infrastruktur imkanları ilə yerində tanışlıq məqsədilə Mingəçevir Dövlət Universitetinin müvafiq strukturlarının əməkdaşlarının, həmçinin tələbələrin həmin ali təhsil müəssisələrinə təcrübə məqsədilə qısamüddətli göndərilməsi qeyd olunan sahələrdə MDU-nun inkişafına təkan verəcəkdir.
Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək, onun dünyada tanınırlığını artırmaq, həmçinin akademik heyətin elmi tədqiqat sahəsində əməkdaşlıq imkanları töhfə vermək üçün Türkiyənin İKSAD İnstitutu ilə əməkdaşlığımızı bu ildə davam etdiririk. Belə ki, 17-18 fevral tarixlərində İKSAD İnstitutu ilə birgə MDU-nun ev sahibliyində 12-ci Beynəlxalq Avrasiya Tətbiqi Elmlər Konfransı təşkil edildi. Yaxın vaxtlarda bu institutla birgə bir sıra yeni fəaliyyətlər həyata keçiriləcəkdir. Bu fəaliyyətlər təkcə beynəlxalq konfransların keçirilməsi sahəsində deyil, akademik heyətin bacarıqlarının inkişaf etdirilməsinə xidmət edəcək təlimlərin təşkil edilməsi, bu məqsədlə xarici mütəxəssislərin MDU-ya dəvət edilməsini əhatə edir.
Qarşılıqlı faydalı əməkdaşlıq məqsədilə regionlarda yerləşən elm və təhsil müəssisələri, dövlət qurumları və QHT-lər ilə əməkdaşlıq əlaqələrinin qurulması mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə, digər struktur bölmələrlə birgə bu istəqamətdə işlər həyata keçiriləcəkdir.
Akademik heyətin elmi-pedaqoji fəaliyyətinə müsbət təsir edəcək təlimlərin təşkili, tələbələrin gələcək perspektivlərinə xidmət edəcək görüşlərin keçirilməsi Mərkəzin məqsədləri arasında yer alır.
Tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə öz peşə sahəsində kifayət qədər nüfuzlu mütəxəssislərin MDU-ya dəvət edilməsi nəzərdə tutulur. Bu məqsədlə, idarəetmə, özəl təşəbbüs, bank sektoru, sosial xidmət səhələrində fəaliyyət göstərən peşəkarlarla, milli elitanın müxtəlif sahələrində tanınmış nümayəndələri ilə artıq əlaqələr qurulmuşdur, onların tələbələrlə görüşləri təşkil ediləkdir.
Müsahibəni apardı: Nazim Niftəliyev

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.