Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu Başladı

Forumda iki ölkənin aparıcı analitik qurumları regional inteqrasiya, strateji əməkdaşlıq və gələcək təşəbbüslərin koordinasiyası ilə bağlı müzakirələr aparır.

18

Şuşa şəhərində Azərbaycan və Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu öz işinə başlayıb. Tədbirdə hər iki ölkənin tanınmış analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrdən nümayəndələr iştirak edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən forum açılış nitqləri ilə start götürüb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Polat Safi çıxışlarında forumun regional inteqrasiya, strateji əməkdaşlıq və beyin mərkəzləri arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynadığını qeyd ediblər. Həmçinin vurğulanıb ki, Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin regionda yaranan yeni reallıqlar fonunda institusional əsaslarını möhkəmləndirmək və tərəflərin konstruktiv fəaliyyətini daha da artırmaq xüsusi əhəmiyyət daşıyır.

Forum çərçivəsində Azərbaycan–Türkiyə münasibətlərinin xarici siyasət aspektləri, iqtisadi tərəfdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və inteqrasiya məsələlərinə həsr olunmuş üç panel müzakirəsi keçiriləcək. Qeyd edilir ki, birinci Şuşa Forumu iki ölkənin beyin mərkəzləri arasında institusional əməkdaşlığın genişlənməsi, ortaq elmi-analitik platformaların formalaşdırılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından xüsusi önəm daşıyır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.