Suriyadakı kürd birləşmələri razılaşmaya baxmayaraq ərazilərdən çıxmır
SDQ təhlükənin qarşısını almaq üçün razılaşmanı qəbul edib, lakin öz mövqelərini qorumağa davam edəcək
Suriya Demokratik Qüvvələri (SDQ) adlanan kürd silahlı birləşmələri buraxılmayacaq. Təşkilatın komandiri Mazlum Abdi “Əl-Ərəbiyyə”yə açıqlamasında bildirib ki, onlar təhlükəli gərginliklərin qarşısını almaq məqsədilə Suriya hökuməti ilə razılaşmanın şərtlərini qəbul ediblər.
Mazlum Abdi əlavə edib ki, SDQ məğlub olmayıb, dağılmayıb və öz ərazilərini qorumağa davam edəcək. O, yanvarın 19-da razılaşmanın yekun detallarını müzakirə etmək üçün Dəməşqə səfər edəcəyini və nəticələri açıqlayacağını bildirib.
Qeyd edək ki, Suriya Demokratik Qüvvələri PKK terror təşkilatının uzantılarından biridir.
Hökumətin son əməliyyatları nəticəsində Suriyanın şimal-şərqində, xüsusilə Deyr-əz-Zor və Rakka vilayətlərində nəzarət tam olaraq rəsmi Dəməşqə keçib. Bu, Suriya ordusu ilə SDQ arasında imzalanmış atəşkəs razılaşması sayəsində mümkün olub. Sazişi ölkə prezidenti Əhməd əş-Şaraa təsdiqləyib.
Razılaşmaya görə, SDQ Fərat çayının şərqindəki bütün hərbi birləşmələri ərazilərdən çıxaracaq.
Əş-Şaraa vurğulayıb ki, Suriya dövləti vahiddir və SDQ ilə bağlı bütün açıq qalmış məsələlər həll olunacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.