Süni intellekt əmək bazarını dəyişir
Ekspert xəbərdarlıq edir: qarşıdakı 5–6 ildə bir sıra peşələr aktuallığını itirə bilər
Qazaxıstanda süni intellekt (Sİ) ilə bağlı qanunvericilik bazasının formalaşdırılması region ölkələrində, o cümlədən Azərbaycanda bu sahəyə marağı artırıb. Artıq süni intellekt təkcə texnologiya sektorunda deyil, mühasibatlıqdan hüquqa, psixologiyadan təhsilə qədər bir çox sahədə ciddi dəyişikliklərə səbəb olur. Bu proses bəzi peşələrin aradan çıxmasına, bəzilərinin isə köklü şəkildə yenilənməsinə gətirib çıxarır.
Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin sözlərinə görə, süni intellektin sürətli inkişafı və yeni platformaların davamlı şəkildə istifadəyə verilməsi göstərir ki, qarşıdakı 5–6 il ərzində bir sıra ixtisaslar aktuallığını itirəcək.
Onun fikrincə, risk altında olan sahələr sırasında mühasibatlıq, psixologiya və hüququn müəyyən istiqamətləri yer alır. Eyni zamanda, yaxın gələcəkdə pedaqoqluq, operatorluq, taksi və digər sürücülük sahələrinin də bu siyahıya daxil ediləcəyi istisna olunmur. Çatdırılma xidmətlərində isə insan əməyini dronlar, pilotsuz uçuş aparatları və insansız nəqliyyat vasitələri əvəz edə bilər.
Mütəxəssis bildirib ki, bank sektorunda bir çox əməliyyat artıq avtomatlaşdırılır. Operatorluq sahəsində kamera çəkilişi, video montaj, səs yazısı və musiqi yaradılması kimi işlər süni intellekt vasitəsilə icra olunur. Sosial yönümlü bəzi ixtisasların da bu dəyişikliklərdən təsirlənəcəyi gözlənilir. Nəticə etibarilə, bir çox peşənin gələcəyi ciddi təhlükə altındadır.
Elçin Əfəndi vurğulayıb ki, təhsil sistemi bu reallıqlara uyğunlaşmalıdır. Onun sözlərinə görə, dövlət səviyyəsində artıq müvafiq addımlar atılıb – süni intellekt mərkəzlərinin yaradılması, Sİ-nin tədrisə inteqrasiyası və İT yönümlü ixtisaslara qəbul yerlərinin artırılması bu tədbirlər sırasındadır.
Mütəxəssis qeyd edib ki, görülən işlərin real nəticələri təxminən 5–6 il sonra daha aydın hiss olunacaq. O, xüsusilə gənclərə və doktorantlara ixtisas seçimi zamanı dövrün tələblərini nəzərə almağı tövsiyə edib ki, gələcəkdə seçdikləri sahələr aktuallığını itirməsin.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.