Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sumqayıt Şəhidlər Xiyabanında unudulmaz gün

“Qələbə Şəhidləri” ilə ailələr ziyarət olundu

390

Kimyaçılar şəhərinə qədəm qoyan “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi əbədiyyətə qovuşan döyüşçü və zabitlərimizin şərəfinə salınmış  ünvana özləri ilə “Qələbə Şəhidləri” kitablarını da gətirmişdilər. Kitabın əl-əl gəzməsi, 70-ə yaxın şəhid valideyninin, onların ailə üzvlərinin keçirdikləri hiss-həyəcan və duyğuları onların simasından oxumaq çətin deyildi. Həmin gün havanın sərt küləkli olması Şəhidlər xiyabanına toplaşanlar üçün heç də maneə deyildi. Bu onu göstərirdi ki, həmin insanlar üçün şəhid xatirəsi hər şeydən əzizdir. 44 günlük müharibədə erməni faşizmini diz çökdürənlər möhtəşəm ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixə yeni səhifələr yazıblar.

Təqdimatda “Aran”ın sədri İbrahim Hüseynov və kitabın bütün dörd cildinin redaktoru, Zərdabi Mətbuat Mərkəzinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə bu nəşrlərin yaranma tarixindən müfəssəl danışdılar. Şəhid məzarları önündə təqdimat zamanı dəfələrlə vurğulandı ki, dövlət tərəfindən maliyyə vəsaiti alanadək “Qələbə Şəhidləri”nin üç cildi bu birliyin vəsaiti hesabına nəşr edilib. Kitabın materialları İbrahim Hüseynov tərəfindən toplanılıb və nəşrə hazırlanıb. Bu işə yüzlərlə isan mənəvi dəstək göstərib. Dördüncü cildin isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilməsi inam yaradır ki, bu dəstək gələcəkdə də davam edəcək.

Qeyd olunub ki, layihə icraçıları respublikanın bir çox bölgələrinə baş çəkib, evlərdə ailələrlə birgə təəssüratlarını bölüşüblər. İndiyədək yaşanan belə hisslər sevinc və təskinlik əlaməti kimi qəlbləri ovundurur.

Sumqayıtda bütün şəhid məzarlarının eyni ölçüdə, səliqəli yazılar və baş daşları ilə götürülməsi belə təəssürat yaradır ki, bu insanların hər birinin xatirəsi hamı üçün əzizdir. Bunu onlar deməsələr də, üzlərindən oxumaq asan idi. Şəhid İlham Tahir oğlu Rəşidovun həyat yoldaşı Səlminazın, 4 medala layiq görülən Hüseyn Yusifovun ömür-gün yadigarı Nurlana xanımın ürək sözlərini həyacansız dinləmək olmurdu.  “Son iclas” və bir çox lent yazılarının müəllifi Elnur Əli oğlu Allahverdizadənin valideyninin xatirələrini də böyük maraq hissi ilə dinlədik. Elnur ATV kanalının səs rejissoru olarkən könüllü cəbhəyə yollananmışdı.

İmkandan istifadə edib yaxın tanışımız Salyan rayonunun Marışlı kəndində anadan olmuş, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun məzarı üstünə tər-çiçək dəstələri qoyduq. O, Sumqayıtda and yerlərimizdəndir.

Həmin gün Şəhidlər Xiyabanını ziyarətə gələn Sumqayıt Mərkəzi Kitabxanasının işçiləri Leyla Mahmudovanın başçılığı altında dörd cildi götürərək, gənc nəslin təlim-tərbiyəsində yaxından istifadə edəcəklərini bildirdilər.

Sonda Şəhidlər Xiyabanında hamılıqla şəkil çəkdirdik, söz verdiyimizə rəğmən şəhərdə iki ünvanda olduq. Artilleriya hissəsində növbədən kənar kapitan, mayor rütbələrinə layiq görülmüş, Heydər Əliyev adına Ali Hərbi Məktəbinin məzunu olmuş, aprel döyüşlərində də fərqlənmiş Ramilin həyat hekayəsini yoldaşı Sevil Ağayevanın dilindən dinləmək iftixar hissi oyadırdı. Kitab bu ailə üçün də  ev muzeyinə verilən dəyərli yadigar olaraq qalacaqdır.

Səbuhi Həsənquliyevin həmyerliləri isə aprelin 11-də mərasim zalına  onun ad gününü qeyd etməyə toplaşmışdılar. Şəhid ailələrinin üzvləri də burada idilər. Bu, unudulmaz görüşlər və səhnələrlə yadda qalan yaşantı idi.

 

Şərhlər bağlıdır.