Sülh yalnız sənəddə yox, cəmiyyətdə qurulmalıdır
Hikmət Hacıyev regionda davamlı sabitlik üçün xalqlar arasında etimadın vacibliyini vurğuladı
Qətərdə keçirilən “Doha Forumu”nda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev regionda uzunmüddətli sülhün təmin olunması üçün xalqların sülhə hazırlanmasının vacibliyini vurğulayıb.
Hacıyev bildirib ki, Azərbaycan üçün müharibə mərhələsi artıq arxada qalıb və bundan sonrakı hədəf bölgədə dayanıqlı rifah və inkişafın təmin edilməsidir. Onun sözlərinə görə, Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişəcək real sülh yalnız qarşılıqlı etimad mühiti ilə mümkün ola bilər.
“Biz sülhü davamlı və dönməz etmək istəyirik. Bunun üçün həm dövlətlər, həm də xalqlar arasında etimad formalaşmalıdır. Məmnuniyyətlə qeyd edə bilərəm ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri yaranmaqdadır. Lakin ən vacibi iki xalq arasında güvənin bərpasıdır”, – deyə o qeyd edib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan sülhün təkcə rəsmi İrəvanla deyil, Ermənistan xalqı ilə imzalanmasının tərəfdarıdır: “Gələcək nəsillərin bu sülhdən faydalanması üçün geniş etimad quruculuğu tədbirlərinə ehtiyac var. Bu proses çətin olsa da, Azərbaycan regional liderlik və məsuliyyəti üzərinə götürməyə hazırdır”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.