Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Su çərşənbəsi ilə Novruz ab-havası başlayır

“Lal su” falları, qədim inanclar və ilk tonqal – baharın müjdəçisi olan ənənələr yenidən yaşadılır

52

Azərbaycanda Novruz ab-havası artıq hiss olunmağa başlayır. Xalq təqviminə görə, sabah baharın müjdəçisi sayılan dörd çərşənbədən birincisi – Su çərşənbəsi qeyd olunacaq. Xalq arasında bu gün “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə” və “Sular Novruzu” adları ilə də tanınır. Su çərşənbəsi təbiətdə donmuş suların hərəkətə gəlməsini, buzların əriməsini və həyatın yenidən canlanmasını simvolizə edir.

İnanclara əsasən, məhz bu gün su yenilənir və müqəddəs sayılır. Sübh tezdən bulaqdan götürülən suyun şəfa verdiyinə inanılır. Deyilənə görə, həmin gün “təzə su”nun üzərindən keçən, dərdini ona “danışan” insanlar il boyu xəstəlikdən uzaq olarlar. Elə buna görə də Günəş doğmamış insanlar su başına gedir, əl-üzlərini yuyur, bir-birinin üzərinə su səpir, hətta suyun üzərindən atlanırlar. Yaralı şəxslərin yarasına su çiləmək də qədim adətlərdəndir.

Su çərşənbəsi həm də fal mərasimləri ilə zəngindir. Qız-gəlinlər bu gecə müxtəlif su fallarına baxırlar. Subay qızlar bir araya toplaşaraq əvvəlcədən axar sudan – bulaq və ya çaydan – su gətirirlər. Bu su axşamçağı, şər qarışdıqdan sonra götürülür və “lal su” adlandırılır. Suyu gətirən şəxs qabı götürdüyü andan evə çatdırıb fal üçün nəzərdə tutulan qaba tökənədək danışmamalıdır. Əks halda, suyun sehrinin pozulduğuna inanılır.

Ən məşhur fallardan biri üzük falıdır. Bunun üçün bir fincan, nişan üzüyü və bir tel saç kifayətdir. Fincanın yarısına “lal su” tökülür. Nişanlı qızın qızıl üzüyü subay qızın saç telinə keçirilərək suya salınır. Niyyət tutulduqdan sonra üzük fincana yaxınlaşdırılır. Üzük fırlanaraq fincanın divarına dəyir və hər toxunuş sayılır. Hesab edilən rəqəm qızın neçə yaşında ailə quracağını göstərir.

Digər bir ənənə isə bəzək əşyaları ilə su falıdır. Böyük bir kasaya “lal su” tökülür, hər subay qız özünə məxsus bir zinət əşyasını suya atır. Kasa parça və ya kəlağayı ilə örtülür. Yaşı daha böyük olan bir qadın bayatı deyə-deyə əşyaları sudan bir-bir çıxarır. Beləcə, bu il evlənəcəyi deyilən qızın adı müəyyənləşdirilir.

Su çərşənbəsində həyətlərdə tonqal da qalayırlar. İlk tonqalın məhz bu çərşənbədə yandırılması qışın geri çəkilməsinin, buzların əriməsinin və yazın yaxınlaşmasının rəmzi hesab olunur. Bu mərasimlər Novruzun gəlişini xəbər verən qədim və zəngin xalq ənənələrinin bir parçasıdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.