Mingəçevir Dövlət Universitetində (MDU) “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində tələbə və magistrantlarla görüş keçirilib.
Görüşdə tədbir iştirakçılarını salamlayan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsində layihənin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, layihənin region universitetlərini əhatə etməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi çıxış edərək layihə barədə danışıb. Bildirib ki, “Stipendium Hungaricum” təqaüd proqramının 10-cu ildönümünə həsr olunan layihə Macarıstanda təhsil almış məzunların ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən universitetlərin tələbələri ilə görüşünü təşkil etmək, təcrübə və karyera imkanlarını regionlardakı universitetlərdən olan tələbələrlə bölüşmək, həmçinin Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstanda təhsil barədə məlumatlandırma işini aparmaq məqsədi daşıyır.
Elm və Təhsil Nazirliyinin əməkdaşı Niftalı Qasımlı Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı (HTP) barədə tələbələrə ətraflı məlumat verib və təqdim edilən sualları cavablandırıb.
Daha sonra Macarıstanda təhsil almış “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin üzvləri bu ölkədə təhsillə bağlı şəxsi təcrübələrini tələbələrlə bölüşüblər.
Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, layihə çərçivəsində universitetin qonağı olan nümayəndə heyəti MDU-nun rektoru Şahin Bayramovla da görüşüblər.
Şərhlər bağlıdır.