Sosial şəbəkələrdə hörmətsiz paylaşımlara qarşı yeni qaydalar
İctimai mənəviyyatı təhqir edən paylaşımlara cərimə və inzibati həbs tətbiq ediləcək
Azərbaycanda xırda xuliqanlıq anlayışı genişlənir. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub. İnzibati Xətalar Məcəlləsi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliklər ediləcək.
Yeni dəyişikliyə əsasən, cəmiyyətə açıq şəkildə hörmətsizlik göstərən hərəkətlər xırda xuliqanlıq hesab ediləcək. Belə hallarda 50-100 manat cərimə nəzərdə tutulur. Pozuntu ciddi sayıldıqda və şəxsin şəraiti nəzərə alınaraq 15 günədək inzibati həbs tətbiq edilə bilər.
Eyni zamanda, internet resurslarında və sosial şəbəkələrdə cəmiyyətə hörmətsizlik, əxlaqsız ifadələr, mənəvi dəyərlərə zidd jestlər və ya insan bədəninin uyğun olmayan təqdimatı halında 500-1000 manat cərimə, lazım gəldikdə isə 30 günədək inzibati həbs nəzərdə tutulur. Bu tədbirlər yalnız Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət məsuliyyətinə səbəb olmayan hallarda tətbiq ediləcək.
Qanun layihəsi gənclərin və yeniyetmələrin mənəvi dəyərlərə uyğun olmayan informasiyadan qorunmasını, sosial şəbəkələrdə məsuliyyət mexanizmlərinin gücləndirilməsini və mövcud tənzimləmənin təkmilləşdirilməsini hədəfləyir. Son dövrlərdə sosial şəbəkələrdə mənəviyyata zidd paylaşımların artması bu qanunun hazırlanmasına əsas yaradıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.