Sosial şəbəkədə təhqir və qeyri-etik davranışlara sərt cəza gəlir
Yeni qanun dəyişiklikləri onlayn söyüş, təhqir və əxlaqa zidd paylaşımlara cərimə və həbs tətbiqini nəzərdə tutur
Azərbaycanda “xırda xuliqanlıq” anlayışının məzmunu genişləndirilir və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə, həmçinin “İnformasiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif olunub. Məsələ Milli Məclisin müvafiq komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliklərə əsasən, ictimaiyyətə açıq şəkildə hörmətsizlik nümayiş etdirən davranışlar da xırda xuliqanlıq kimi qiymətləndiriləcək. Bu cür hərəkətlərə görə 50–100 manat cərimə və zəruri hallar olduqda 15 günədək inzibati həbs tətbiq edilə biləcək.
Əgər kobud davranış və ya təhqiramiz hərəkətlər sosial şəbəkələrdə kütləvi şəkildə nümayiş olunarsa — məsələn, söyüş, nalayiq jestlər və əxlaqa zidd görüntülər paylaşılarsa — cərimə 500–1000 manat arasında olacaq, zəruri hallarda isə 30 günədək inzibati həbs tətbiq edilə bilər. Bu müddəalar yalnız cinayət tərkibi olmayan hallara şamil ediləcək.
Qanun layihəsinin məqsədi son illər sosial şəbəkələrdə artan etikadan kənar davranışların, təhqiramiz paylaşımların və cəmiyyətə zidd çağırışların qarşısını almaqdır.
“Cəmiyyətə açıqca hörmətsizlik” nə hesab olunur?
Bu ifadə ictimai məkanda və ya virtual platformalarda insanların ümumi mənəvi dəyərlərinə qəsdən zidd davranış göstərmək, kobud ifadələr işlətmək, narahatlıq yaradan addımlar atmaq kimi halları əhatə edir. Təhqir, söyüş, alçaldıcı ifadələr, qeyri-etik jestlər və əxlaqa uyğun olmayan görüntülərin paylaşılması bu kateqoriyaya daxildir.
Hüquqşünas Adəm Məmmədovun sözlərinə görə, insanın şəxsiyyətini alçaldan hər bir davranış təhqir kimi qiymətləndirilə bilər. O qeyd edib ki, bir sözün və ya ifadənin təhqir olub-olmadığını müəyyənləşdirmək üçün linqvistik ekspertiza aparılır və bu barədə rəy aidiyyəti qurumlar tərəfindən verilir.
Ekspert həmçinin bildirib ki, bədənini əxlaq normalarına uyğun olmayan şəkildə nümayiş etdirən şəxslərlə bağlı yanaşma daha ciddi olmalıdır. Onun fikrincə, cəmiyyət sosial şəbəkədə diqqət cəlb edən açıqlamalar və görüntülərə həssas yanaşdığı üçün bəzi şəxslər bundan məqsədli şəkildə istifadə edirlər.
Məmmədov vurğulayıb ki, belə halların qarşısını almağın yeganə yolu maarifləndirmə, savadlanma və cəmiyyətin diqqətini bu tip davranışlardan uzaq tutmaqdır. Onun sözlərinə görə, qanun tənzimləmə funksiyası daşısa da, əsas dəyişiklik ictimai şüurun inkişafı ilə mümkündür.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.