“Sosial eksperiment” adı ilə dələduzluq
Xırdalanda vətəndaşın etibarından istifadə edən 27 yaşlı şəxs 1350 manat ələ keçirib və polis tərəfindən saxlanılıb
Abşeron rayonunda “sosial eksperiment” adı altında dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron rayonu ərazisində yaşayan bir nəfər qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.
Zərərçəkənin sözlərinə görə, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq maddi çətinlik çəkdiyini əsas gətirib və 1 manat pul istəyib. Pulu verdikdən sonra isə qarşı tərəf zərərçəkənin cibində xeyli məbləğdə pul olduğunu görərək guya “sosial eksperiment” apardıqlarını bildirib. O, çəkiliş üçün əlavə vəsaitə ehtiyac olduğunu və pulun sonradan geri qaytarılacağını deyib.
Bu bəhanə ilə zərərçəkənin etibarından istifadə edən şəxs 1350 manatı ələ keçirərək hadisə yerindən uzaqlaşıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlində şübhəli bilinən 27 yaşlı Elvin Mehdiyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.