Son günlər quş yumurtasında qiymət artımı kənd yumurtasında da hiss olunur
Ekspertlər yem qiymətləri, quşların sayının azalması və bürokratik maneələrin qiymətə təsir etdiyini bildirir
Son günlər bazarlarda yumurtanın qiymətində artım müşahidə olunur. Kənd yerlərində istehsal olunan yumurtanın qiyməti də bahalaşıb.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyir ki, son illərdə quşların baş sayında ciddi azalma olub, təxminən 20 faizdən çox. Onun sözlərinə görə, bu azalmanın əsas səbəbi yemin qiymətinin ildən-ilə qalxmasıdır. “Yemin qiyməti artdıqca, kəndlilər quşların sayını azaldır. Həmçinin kənd yerlərində quş xəstəlikləri yayılır və sahədə xidmət kifayət qədər səviyyədə deyil. Bütün bunlar yumurta qiymətinə təsir edir,” – deyə ekspert əlavə edib.
Ekspert vurğulayıb ki, qısa müddətdə bu problemlərin öhdəsindən gəlmək çətindir. Yemin maya dəyərinin aşağı salınması və istehsalın artırılması ilə quşların sayının artırılması mümkündür. “Bitkiçilikdə məhsuldarlığı artırmalıyıq ki, yem ucuzlaşsın, bununla da yumurta və digər heyvandarlıq məhsullarının qiyməti sabitləşsin,” – Məhərrəmov qeyd edib.
O, həmçinin digər dövlət orqanlarının quşçuluq təsərrüfatlarına dəstək olmasının vacibliyini vurğulayıb. “Layihələrdə bir-iki metr kənara çıxmaq kimi xırda səbəblərdən təsərrüfatlar sənədlərini ala bilmir, Qida Təhlükəsizliyi Agentliyi və rayon icra hakimiyyətləri mane olur. Bu isə ölkənin qida təhlükəsizliyinə birbaşa təsir edir. Bütün dövlət orqanları bir yumruq kimi bu sahəyə dəstək verməlidir,” – deyə o bildirib.
Vahid Məhərrəmov əlavə edib ki, yem istehsalı artsa, quşçuluqda ciddi problem yaranmayacaq. “Kəndlilər həm ət, həm də yumurta istehsalına maraq göstərirlər. Amma bunun üçün yem istehsalı artırılmalı, maya dəyəri aşağı salınmalı və məhsuldarlıq yüksəldilməlidir,” – deyə ekspert qeyd edib.
Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov isə mövsümi amillərin də qiymətə təsir etdiyini bildirib: “Hava soyuduqca kənd toyuqları daha az yumurtlayır. Ona görə kənd yumurtasının qiymətinin 30-40 qəpik olması normaldır. Amma quşçuluq təsərrüfatlarının böyüməsinə şəhərsalma, əmlak məsələləri və rayon icra hakimiyyətləri mane olur. Yeni küməsxanalar tikilməli, istehsal artırılmalıdır ki, qiymət artımı və qıtlıq aradan qalxsın,” – deyə o vurğulayıb.
Beləliklə, yumurta bahalaşmasının əsas səbəbləri yemin qiymətinin artması, quşların sayının azalması, mövsümi faktorlar və bürokratik maneələrdir. Ekspertlər hesab edir ki, bu sahədə davamlı dəstək və məhsuldarlığın artırılması ilə qiymət artımı nəzarət altına alına bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.