Şirkət rəqəmsal inkişaf və genişzolaqlı internet sahəsində uğurlarına görə təltif olunub
Paris və “HUAWEI” platformalarında təqdim edilən mükafatlar “Aztelekom”un texnoloji liderliyini təsdiqləyib
“Aztelekom” MMC, AZCON Holding şirkətlər qrupuna daxil olan qurum, telekommunikasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətinə görə iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Paris şəhərində keçirilən Beynəlxalq Konqres çərçivəsində Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən “Aztelekom”a “Broadband for Digital Inclusion Excellence” mükafatı təqdim olunub.
Bu mükafat, internet xidmətlərinə bərabər çıxış imkanlarının genişləndirilməsi, regionlarda genişzolaqlı bağlantının inkişafı və rəqəmsal bərabərliyin təmin edilməsi sahəsində şirkətin gördüyü işlərin yüksək qiymətləndirilməsini əks etdirir.
“Aztelekom”un GPON (Giqabit Passiv Optik Şəbəkə) texnologiyasının geniş tətbiqi, internet sürətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti bu uğurun əsas səbəblərindən biri olub.
Eyni zamanda şirkət “HUAWEI Product Line” tərəfindən təqdim olunan “Best Practice of Net 5.5G Converged IP Network” mükafatına da layiq görülüb.
“IPv6 Forum” tərəfindən təsdiqlənən bu təltif “Aztelekom”un 400GE interkonnekt texnologiyasının tətbiqi, şəbəkə avtomatlaşdırılması və əməliyyat səmərəliliyinin artırılması sahəsində qabaqcıl mövqeyə sahib olduğunu göstərir.
Bu nailiyyətlər “Aztelekom”un ölkənin rəqəmsal transformasiyasına verdiyi töhfə, yeni texnologiyaların tətbiqində liderliyi və beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir.
Şirkət bundan sonra da Azərbaycanın rəqəmsal gələcəyinin qurulması və genişzolaqlı internet xidmətlərinin daha da əlçatan olması istiqamətində fəaliyyətini davam etdirəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.