“Sındıra-sındıra oynamağı hər adam arzulayır, amma hamı bacarmır”
Təkcə istəməklə deyil, həm də yaxşı oynaya bilmək üçün qabiliyyətin olmalıdır.
Rəqs etməyi bacaran insanlar həm də ondan zövq alırlar, rahatlanırlar, stress atırlar. Rəqs həm də bir mədəniyyətdir. Etiraf edək ki, oynayanlar çox olsa da, əsl rəqs haqqında dərin anlayışa malik olanların sayı azdır. El şənliklərində, toylarımızda bəziləri necə gəldi oynayır, eyni hərəkətləri təkrar edirlər. Çünki rəqs haqqında dərin bilikləri yoxdur, professional rəqsdə hansı hərəkətlərin mövcudluğundan, hansı hərəkəti hansından sonra etməyin vacibliyindən xəbərsizdirlər. Mətbuatda az-az gündəmə gətirilən bu mövzu ilə bağlı suallarımızı Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sevinc” rəqs qrupunun müəlliməsi Mələk Tağıyevaya ünvanladıq. Ondan həm də milli və dünya rəqsləri barədə məlumatlar aldıq.
“Bədən quruluşu imkan vermirsə, rəqsə qəbul edilmir”
Müsahibimiz dedi ki, uşaqlıq illərində musiqiyə, rəqsə böyük həvəsi olub, bu həvəslə də Bakı Mədəni-Maarif Texnikumunun Xalq rəqsləri fakültəsini bitirib. 1997-ci ildən Mingəçevirdəki Uşaq Yaradıcılıq Mərkəzində rəqs müəllimi kimi fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə uşaqlara milli rəqsələrimizi daha mükəmməl öyrətməyə çalışıb. Bununla yanaşı, digər xalqların da rəqs nümunələrini böyük ustalıqla şagirdlərinə öyrədir.
Mələk Tağıyeva qeyd etdi ki, uşaqları xalq rəqs bölməsinə götürərkən onların boyuna, bədən quruluşuna, əl-ayaq quruluşuna, ritmə uyğunluğuna diqqət yetirilir və fərq imtahanından keçən uşaqlar rəqsə qəbul edilir: “Hətta uşaqda maraq olsa belə bədən quruluşu imkan vermirsə, rəqsə qəbul edilmir. Mənim müəllimim Respublikanın Əməkdar artisti Kamil Dadaşov olub. Hal-hazırda qocaman sənətkarlardandır, Azərbaycan Dövlət Rəqs ansamblının birinci üzvlərindəndir. Yəni ondan aldığım dərs bu gün mənim bir rəqs müəllimi kimi fəaliyyət göstərməyimə çox böyük təkan olub. Rəqsə maraq insanın qanında, canında var. Əvvəlcə rəqs, sonra söz, rəsm sənəti yaranıb. Belə demək mümkünsə, həyatın əsasında hərəkət durur”.
“Rəqs həm də sağlamlığa müsbət təsir göstərir”
Müsahibimiz sənətkarlıq nöqteyi-nəzərindən yanaşdıqda Azərbaycanın bütün rəqs növlərinin gözəl olduğunu vurğulayır: “Mən lap yeniyetmə vaxtlarımda “Yallı” rəqsini daha çox sevirdim. “Yallı” rəqsinin mənim ürəyimdəki yeri başqadır. Bu rəqsi toylarda 30-40 nəfərlə birgə oynayanda özümü o qədər fərəhli, sevincli birlik içərisində hiss edirəm ki, bunu kəlmələrlə izah etməyim mümkün deyil. Mənə elə gəlir ki, bu rəqs həm də vətənpərvərlik hisslərini əks etdirir. Heç bir insan özünü musiqisiz təsəvvür edə bilməz. Musiqi, sözün əsl mənasında, ruhumuzun qidasıdır”.
“Hər bir xalqın özünəməxsus musiqisi olduğu kimi, Azərbaycan xalqının da çox qədim milli musiqisi var. Heç bir Azərbaycan toyunu mahnı və rəqslərsiz təsəvvür etmək mümkün deyil. Mələk Tağıyeva deyir ki, professional rəqs etmək üçün məktəb keçmək lazımdır: “Bu gün biz uşaqlara bu sənətin incəliklərini öyrədirik. Onu da bildirim ki, uşaqlar rəqsə 7-8 yaşlarında qəbul edilirlər. Rəqs həm də sağlamlığa müsbət təsir göstərir. Məsələn, uzun müddət rəqs məktəbinə gedən uşaqlar gözəl bədən qurluşuna malik olurlar, sağlam olurlar və s. Valideynlərin çoxuna uşaqlarını məhz milli rəqsə yönəltməyi tövsiyə edirəm. Uşağın bacarığı bir-iki dərsdən sonra bəlli olur”.
“İmkansızlıqdan bu təklifi həyata keçirə bilmirik”
Son dövrlər toylarda bəy və gəlinin rəqs etməsi dəb halını alıb. Müsahibimiz deyir ki, yeni evlənməyə hazırlaşan cütlüklər də toy günlərində rəqs etmək üçün onlara müraciət edirlər: “Əvvəllər bəylə-gəlin ancaq xarici rəqsləri öyrənməyə üstünlük verirdilər. Son bir neçə ildə isə müraciət edənlər öz milli rəqslərimizə üstünlük verirlər. Hətta bəyin ailə üzvləri də öz toylarında gözəl rəqs etmək üçün əvvəlcədən gəlib bizə müraciət edirlər, biz də boş vaxtlarımızda onlarla məşğul oluruq. Milli rəqslərimizin bu qədər sevilməsi bizi çox sevindirir. Azərbaycanın gözəl adət-ənənələri olub və bu gün biz də onu öz musiqimizdə, rəqslərimizdə yaşatmalıyıq. Bir sözlə, rəqsdə musiqi seçimi, mövzu seçimi çox vacibdir. Əvvəllər rəqsi öyrənmək üçün qızlar daha çox müraciət edirdilər, indi isə oğlanların sayı qızları ötüb. Həmişə təəssüf edirdik ki, nəyə görə oğlanlar bu sənətə gəlmək istəmirlər. Amma inanın ki, son bir neçə ildə qızların sayını oğlanlar ikiqat keçib. Hətta bizdə ötən il elə bir vəziyyət yarandı ki, məktəbə uşaq götürmək imkanımız olmadı. Qruplarımızın sayı azaldığından bu sahədə çox böyük problem yaşandı. Bir qrupda 15 nəfər uşaq olmalıdır. Amma bizə ildə 80-90 uşaq müraciət edir. Bu da bizim üçün böyük problem yaradır. Sevindirici haldır ki, milli rəqslərimizə bu gün gənclərimiz həvəslə yanaşırlar. Müəlliməsi olduğum “Sevinc” rəqs qrupu şəhər tədbirlərində, respublika daxilində keçirilən müsabiqələrdə, festivallarda dəfələrlə iştirak edib. Yeri gəlmişkən qeyd edim ki, 2003-cü ildə respublika üzrə 26 rayon arasında keçirilən müsabiqədə qızlardan ibarət olan “Sevinc” rəqs qrupu birinci yerə layiq görülmüşdü. 2004-cü ildə Türkiyədə keçirilən “Sevgi çiçəyi” festivalına da qatıldıq. Uğurlarımız çoxdur, hamısını sadalamaq istəməzdim. Bu uğurlar bizi arxayın salmır, uşaqları elə səviyyəyə çatdırmalıyıq ki, istədiyimiz nəticəni ala bilək. Planlarımız çoxdur, qismət olsa, Türkiyədə keçirilən “Cocuq” festivalına qatılmaq istəyirik. Bu, bizim ən böyük arzumuzdur. Dəfələrlə təklif almağımıza baxmayaraq, imkansızlıqdan bu təklifi həyata keçirə bilmirik. Ora getmək üçün lazım olan xərci valideynin öhdəsinə buraxırlar. Bir uşağın festivalda iştirakı 300-400 manata başa gəlir. Buna da valideynlərin imkanı çatmır. Əgər bizə dəstək olsa, bu festivalda iştirak edə bilərik. Valideynlərimiz də maraqlıdırlar ki, onların övladları bu sənəti peşəkar səviyyədə təmsil etsinlər”.
Şərhlər bağlıdır.